• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 30.09.2023 20:49

Milli Qəhrəman Riad Əhmədov dəfn edilib

KepezTV Player

Azərbaycan Ordusunun 1-ci Qarabağ müharibəsində həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"nda itkin düşmüş daha bir hərbiçimiz dəfn edilib. 31 ildən sonra nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov bu gün torpağa tapşırılıb. 

1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşən  Riad Əhmədovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində keçirilib. Mərasimdə dövlət rəsmiləri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib. 

Şərafət Həsənov- Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini: “Birinci Qarabağ müharibəsində 3890 nəfər bizim itkinimiz olmuşdur, oların tapılması onların ailələrə qaytarılması istiqamətində bizim dövlətimiz tərəfindən tədbirlər davam etdirilir və bu sahədə cənab prezident İlham Əliyevin müvafiq dövlət qurumlarına qəti tapşırıqları olmuşdur”.

Mehriban Əhmədova- Milli Qəhrəman Riad Əhmədovun bacısı: “Çox çətindir, biz bu faciəni 31 il bundan əvvəl yaşamışıq, indi bu gün də həmin hisslər həyəcan, ağrı təzdən yaşayırıq, amma yenə də şükür bu günümüzə ki, bizim xalqımız bizim hökumətimiz bizim qalib prezidentimiz İlham Əliyev ki, o qardaşımın nəşi tapılıb. Bu işdə əziyyəti olan əməyi olan hər bir kəsə bizim ailəmizdən təşəkkürümüzü bildiririk. Nəhayət biz biləcəyik ki, mənim qardaşımın məzarı var”.

Azərbaycan Milli Ordusunun yaradılmasında böyük xidmətləri olan və 1-ci Qarabağ müharibəsində döyüşlərdə fəal iştirak edən Riad Əhmədovun nəşi 2-ci Fəxri Xiyabanda dəfn edilib. Riad Əhmədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiyədək 1-ci Qarabağ müharibəsində itkin düşmüş 25 nəfərin qalıqarı tapılaraq şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 10 nəfəri "Daşaltı əməliyyatı"nda iştirak edən həbiçilərmizidir.

Azad Mustafayev