Mövsümü olmasına baxmayaraq bazarlarda pomidorun qiyməti alıcılar üçün münasib deyil. Ötən ilin bu vaxtı 3 kilosu 1 manat olan tərəvəz indi ən yaxşı halda kilosu üçün 1 manat 60 qəpiyə alınır. Hətta məhsulun getdikcə qıtlaşdığı da deyilir.
Yayın ikinci ayının bitməsinə sayılı günlər qalmasına baxmayaraq, pomidorun qiyməti ucuzlaşmaqdansa, bahalaşıb. Market və bazarlarda bu tərəvəzin bir kiloqramının qiyməti 1.50 qəpikdən 4 manata qədər dəyişir.
Elmar Əliyev- alıcı: “Dünən evə 1.80 qəpiyə almışam. Düzdür, 2.50 qəpiyə, 3 manata da var. Bu dəqiqə pomidorun artıq solan vaxtıdır. Qiymətlərə baxırıq ki, bir az fərq var. Çünki 1 manata olan pomidor artıq 1.8, 2 manat olub”.
Vüqar Həsənov- alıcı: “Keçən il bu vaxt 1.2 qəpiyə alırdım. İndi alıram 3 manata, 2.80- qəpiyə. İndi hər şey bahalaşıb deyə, səbəb ona görədir, qiymət ona görə oynayır”.
Arzuman Abbasov- alıcı: “Keçən il alırdıq 50-60 qəpiyə. Bu il alırıq 1.80-1.70-ə. Çünki yağışla əlaqədər qıtlıq əmələ gəlib. Ən yaxşı pomidor bu saat 2.4-dır. Alırıq, neyləyək? Məcbur alıb, yeməliyik”.
Tərəvəzlərin, əsasən də pomidorun qiymətinin keçən ilə nəzər saldıqda kəskin şəkildə artması satıcılar üçün də məqbul deyil. Baha aldıqlarını deyən satıcılar məhsulu baha da satmaq məcburiyyətindədirlər.
Leyla Həsənova- satıcı: “Keçən il pomidor 1.50-idi indi 2 manat, 2.50-dir, baxır pomidora. Yəni hər şey bahalanıb, ona görə də biz baha veririk. Bizə gətirən baha verir”.
Satıcı: “Pomidoru 1.70-ə alıb, 2-yə satırıq. Keçən ildən builki çox bahadır. Keçən il 60-70 qəpiyə alıb, 1 manata satırdıq. Bu il bahadır”.
Murad Hüseynov- satıcı: “Keçən il 60 qəpiyə alırdıq, 70-ə satırdıq. Bu il 1.50-yə alırıq, 1.60-a, 1.70-ə satırıq. Biz üstünə 10 qəpik qoyuruq. Sadəcə kənd təsərrüfatında gübrələr həddindən artıq bahadır, əl vurulası deyil”.
Təsərrüfat sahibi olan fermerlər builki tərəvəz istehsalının çox əziyyət və ən əsası xərc tələb etdiyini bildirirlər. Onların sözlərinə görə pomidor üçün istifadə olunan dərman vasitələri və yol xərcləri artıb. Təbii ki, bu vəziyyət də onları məhsulu bazarda baha qiymətə satmağa məcbur edir.
Ramiz Göyüşov- fermer: “Hal-hazırda istixanalarda söküntü işləri gedir, ona görə də bahadır. Keçən il pomidoru satırdıq 80 qəpiyə, bu il olub 2 manat, 3 manat, insanlar ala bilmir. Hələ indidən sonra pomidor əkiləcək. Gübrədir, qan dərmanıdır hamısını pulla alırıq, hamısı da bahadır. Məhsullarımızı Bakıya göndəririk, xaricə vuranlar da var”.
Fermerlər üçün kənd təsərrüfatı məhsullarının xaricə satışı daha çox önəm kəsb edir, ona görə də, yerli bazarda məhsulların həcmi azalıb. O cümlədən, son günlər pomidorun Rusiya bazarına idxalının kəskin artımı müşahidə olunur. Xarici bazarlara çıxış üçün tətbiq olunan bir çox məhdudiyyətlərin aradan qaldırılması pomidorun da ixracını cəlbedici edib.
Hüseyn İdrisov- ADAU-nun Bağçılıq kafedrasının dosenti: “Tərəvəzin qiymətinin qəribə şəkildə yüksək olmasının səbəbi istehsalla bağlıdır. Əgər keçən ilə fikir versəniz, keçənilki istehsal çox olsa da xarici ölkələrə yolların bağlanmasına görə məhsul respublikada, yəni daxili bazarda qaldı, ona görə də qiymət nisbətən aşağı oldu. Rusiya bazarları açıqdır deyə, fermerlərimiz məhsulu qonşu respublikalara daşıdığından ölkədə məhsul azlığı baş verir, eyni zamanda bu il keçən ilə nisbətən xeyli az pomidor əkildiyindən qiymətlər yerli bazarda bahadır”.
Artıq istixana pomidorlarının mövsümü qurtarıb və bir də oktyabr ayında başlayacaq. Açıq sahədən isə məhsul təzə çıxır. Mütəxəssislərin sözlərinə görə təxminən 10 günə açıq sahədəki məhsullar kütləvi şəkildə yetişəcək və qiymətlərin ancaq o zaman dəyişəcəyi ehtimal edilir.
Pərvin Abbaszadə
- Baxış: 3097