• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 05.09.2024 18:14

Təhsil işçilərinin hesabat konfransı

KepezTV Player

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda 2023-2024-cü tədris ilində görülən işlərdən bəs edilib, gələcək planlardan danışılıb. 

Konfransdan öncə STEAM və Peşə təmayüllü siniflərin hazırladığı təqdimatlar izlənilib, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Məktəbli idmançıların əldə etdikləri nailiyyətlərlə tanışlıq olub. 

Xədicəxanım Talıbova- güləşçi: “Bu gün bu sərgiyə gəlmişik ki, qazandığımız nailiyyətləri göstərək və sərgiləyək. Bunların hamısını güləş idman növündən müxtəlif ölkələrdən qazanmışıq”.

Hüseyn Məmmədov- şagird: “Biz burda filarmoniyada sərgiyə gəlmişik və bizim sərgimiz çox maraqla qarşılandı və bəyənildi. Burda müəyyən sahələr üzrə müxtəlif proyektlər və layihələr var”.

Əli Hüseynli- şagird: “Bizim layihəmizin əsas məqsədi sahədə olan zərərli otların torpaqdan təhlükəsiz şəkildə biçilməsi və gübrələnməsidir. Biz layihəmizin üzərində 3 ay işləmişik. Robot tamamən metaldan hazırlandığına görə tamamilə təhlükəsizdir. Bu gün biz filarmoniyada öz sərgimizi nümayiş etdirdik və layihəmiz böyük maraq gördü. İnşallah, yeni layihələrdə iştirak edəcəyik”.

Konfransda ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumatlar verilib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlər iştirakçıların diqqətinə çatdırıb. 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxışlar edilib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışılıb.

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı: “Sentyabr konfransında ötən tədris ilində əldə olunan nailiyyətlər, görülən işlər barədə ətraflı məlumat verildi. Həmçinin növbəti tədris ilində həyata keçiriləcək işlər və məqsədlər barədə geniş məlumatlar verildi”.

Konfrans iştirakçıları həmçinin, şagird qiymətləndirilməsi, statistik göstəricilər, 4-6-cı siniflərin monitorinqi, olimpiada və digər müsabiqələrin nəticələri, növbəti tədris ili ərzində nəzərdə tutulan layihələr barədə məlumatlandırılıblar.

Fərid Mehdiyev