• KƏPƏZ TV
    canlı yayım

Gəncə

  Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi - Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir. Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan bu şəhər karvan yollarının kəsişməsində yerləşirdi. Zəngin tarixin səhifələrini vərəqləyərkən onun hər bir sətrində qədim Gəncə şəhərinin izləriylə rastlaşır, onun səsini eşidir, nəfəsini hiss edirik. Gəncənin şəhər kimi formalaşmasına dair müxtəlif fikirlər var. Bəziləri şəhərin yaranmağını eramızdan əvvəlki dövrə, əksəriyyəti isə orta əsrlərin əvvəllərinə təsadüf etdiyini bildirirlər. Şəhərin tarixindən danışarkən yaddan çıxarmaq lazım deyil ki, o ictimai-iqtisadi və mədəniyyət mərkəzi kimi yaranıb. Bu da görənlərin şəhadəti: “Azərbaycan –böyük ölkə və qüdrətli dövlətdir. Əsasən dağlıq diyardır. Burada çoxlu qala, hədsiz var-dövlət və saysız meyvə ağacı var. Mən heç yerdə bu qədər bağ, çay və bulaq görməmişəm... Azərbaycanda yaşayanların sifəti mehriban, rəngi çəhrayı, dərisi ağdır. Onlar çoxunun başa düşə bilmədiyi azəri dilində danışır və mülayim xasiyyəti, xoş rəftarları ilə seçilirlər. Bu geniş ölkədir və çoxlu şəhəri var. Xalq dilində Gəncə deyilən Cənzə böyük şəhərlərdəndir. Gəncə möhtəşəm şəhərdir və Arran ölkəsinin paytaxtıdır.” ( Yaqut Həməvi, XIII əsr). Həmin dövrün daha bir tarixçisi Zəkəriyyə Qəzvini isə bunları yazır: ”Gəncə Arranın qədim istehkam şəhəridir. Şəhərin özündə kanal var. Ona iki yolla enmək olar.

Biri “Qəbiristanlıq”, digəri isə “Bərdə qapısı” adı ilə məhşurdur. Şəhərin bir mənzilliyində Xirək ( indiki Hacıkənd) qalası yerləşir. Onun ətrafı ətirli otlar, sular və bağlarla zəngindi. Yayda oranın havası çox gözəl olur. Hər gəncəli ailəsinin orada demək olar ki, öz evi var və istilər sovuşana kimi camaat orada qalır.

Gəncənin yaşının sübutu kimi 656-661-ci illərdə hakimiyyətdə olan Xəlif Əli ibn Əbu Talibin dövründə yaşayan “Comərd qəssab” haqqında olan rəvayətləri və onun türbəsini saymaq olar. Hələ 40-cı illərdə arxeoloji qazıntılar zamanı tədqiqatçılar belə bir fikrə gəliblər ki, Gəncənin ərazisində yaşayış məskəni hələ eramızdan əvvəl də olub. Gəncə toponomik anlamında da həmçinin fikir ayrılığı mövcuddur. Gəncə toponimi pəhləvi sözu kimi qəbul edilir və "xəzinə, məhsul anbarı" mənasını daşıyır. Bu izahların heç birinin elmi əsası yoxdur. Bəzi tədqiqatçıların fikrincə, bu termin Azərbaycan dilinə məxsusdur. Başqa bir fikrə əsasən, türk mənşəli Gəncək tayfasının adı ilə bağlıdır və bu mülahizə həqiqətə daha yaxındır. Belə bir tayfanın mövcud olması artıq elmlə sübuta yetirilib. VII əsrin birinci yarısında Gəncə farslar, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılıb. VII əsrin sonunda şəhər ərəblərlə xəzərlər arasında döyuş meydanına çevrilib. Sonrakı əsrlərdə Gəncə beynəlxalq ticarətdə mühüm rol oynamağa başlayır. Dövriyyədə ərəb dinarı və dirhəm işlənirdi. X əsrdən başlayaraq, yəni Bərdə paytaxt simasını itirəndən sonra, Gəncə ölkənin ictimai- iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayır. Şəhərin həyatında ticarət və sənətkarlıq mühüm yer tuturdu. Sənətkarlığın inkişafı üçün burada iqtisadi potensial vardı. Gəncənin yaxınlığında yerləşən dəmir, mis və kvars mədənləri sənətkarların xammal ilə təminatını asanlaşdırırdı. Gəncə X əsrin ortalarında Şəddadilərin paytaxtı oldu. Şəddadilər burada qala, saraylar, körpülər, karvansaraylar tikdilər və pul kəsməyə başladılar. Şəhər ətrafında yeni, daha möhkəm qala tikildi. 1063-cu ildə dəmirçi İbrahim Gəncənin məşhur qapısını düzəltdi. Gəncə iri bir mərkəzə çevrilərkən onun ərazisi böyüyür, yeni ticarət və sənaye məhəlləri tikilirdi. İpək və ondan hazırlanan məmulatlar nəinki yerli, hətta xarici bazarların alıcılarının diqqətini cəlb edirdi. Qətran Təbrizi bu dövr haqqında belə yazır:

"İndi Gəncə cənnət diyarına çevrildi". Gəncə ilə bağlı başqa bir hadisə - 25 sentyabr 1139-cu il tarixdə baş verən güclü zəlzələ idi. Kirakos Qəndzakesi yazırdı: “Dağ və düzü duman, buludlar bürüdü, dəhşətli zəlzələ baş verdi. Gəncə dağıldı. Nəticədə Kəpəz dağı uçdu və təpələrdən axan xırda çayların qarşısını kəsərək göl əmələ gətirdi". Müəllif, digər yeddi göl barəsində yazmağı unudub və ya o vaxtı onlar barəsində məlumatı olmayıb. Bunlar təkraredilməz gözəlliyi olan Maralgöl, Ceyrangöl, Ördək gölü, Zəligölü, Ağ göl, Qara göl və Şamlıgöldü. Şəhərin dağılmasından və hökmdarın şəhərdə olmamasından istifadə edən gürcü feodalları hücuma keçib, çoxlu qənimət əldə edərək Gəncənin məhşur qapısını özləri ilə aparıblar. 2007-ci ildə isə mədəni və tarixi abidələrə artan diqqət bu abidələrin yenidən bərpası üçün işlər siyahısına Gəncə darvazalarıda daxil edildi. Hazırda bu darvazalar şəhərin girəcəyində qoyulub və rəmzi mənada şəhərin simvoludur. Orta əsrlərdə Gəncə

Azərbaycanın mədəni inkişafında mühüm rol oynayıb. Məhz bu şəhərdən çıxan alim və şairlərin əsərləri bütün dünyada şöhrət qazanıb. Bu mövqedən Məhsəti Gəncəvinini yaradıcılığını xüsusi ilə qeyd etmək lazımdır. O öz zəmanəsinin dahi şairəsi olduğu üçün xalq arasında böyük nüfuz və hörmətə sahib olub. Dünya şöhrəti qazanan, Azərbaycanın dahi şairi Nizami Gəncəvi , məhz bu dövrdə Gəncədə yaşayıb və yaradıb. Onun "Xəmsə"si dünya ədəbiyyatının nadir incilərindən hesab olunur. Bu barədə Bertels yazırdı: "Nizami ilahi sehikarlığı ilə özünü bəşəriyyətə tanıtdırdı". XIII əsrin əvvəllərində Azərbaycan monqolların işğalına məruz qaldı. Beləliklə 1225-ci ildə Gəncə işğal olundu. Teymurun Gürcüstana hücümu zamanı isə Gəncə hərbi məntəqə rolunu oynayırdı. XVI əsrin əvvəllərində yeni dövlət, Səfəvilər dövləti yarandı. Şah İsmayıl Xətai tərəfindən yaranan dövlətin tərkibinə daxil olan əyalətlərdən biri də Gəncə bəylərbəyi idi. Sultan Şahverdinin Gəncənin baş bəylərbəyi təyin edilməsi ilə Gəncə və Qarabağda Qacarlar nəslindən olan Ziyadoğlular sülaləsinin uzun sürən hakimiyyəti başlandı. Məhşur İmamzadə türbəsinin məhz bu dövrdə inşa edilməsi ehtimal olunur. Hərbi döyüşlərin səngiməsi imkan verdi ki, Gəncənin başqa şəhərlərlə əlaqəsi bərpa olundu, ticarət əlaqələrinin genişlənməsi iqtisadiyyatın inkişafına şərait yaratdı. Türk səyyahı Övliya Çələbi qeyd edir ki, o dövrdə Gəncə də 6000 ev vardı. O burada xüsusi ilə ipəkçiliyin inkişafından bəhs edirdi.

     XVIII əsrin ortalarında Gəncə xanlığı yarandı. Şahverdi xan Ziyadxanoğlu Gəncənin xanı oldu. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın dövründə Gəncə xanlığı xeyli möhkəmləndi.Xanlığı özü tədavülə pul da buraxırdı. 1803-cü il noyabrın 20-də Sisianovun rəhbərliyi altında rus qoşunlarının Gəncəyə hücumu başladı. Qalanı fəthinin çətin olacağını başa düşən Sisyanov, müəyyən hazırlıqdan sonra, 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verdi. Ağır döyüşdən sonra ruslar qalanı ala bildilər. Cavad xan öldürüldü. Bu işğaldan sonra Gəncə şəhərinin adı Aleksandrın arvadı “Yelizavetanın şərəfinə” dəyişərək “Yelizavetpol” qoyuldu. 1805-ci ildə çar hökuməti rəsmi olaraq komandant üsul idarəsini tətbiq etməyə başladı. 1806-cı ildə Gəncədə məhkəmə, əhali üzərində nəzarəti gücləndirmək üçünsə 1824-cü ildə Gəncədə polis idarəsi yarandı. XIX əsrin ortalarından başlayaraq Gəncədə xüsusi məktəblər fəaliyyət göstərməyə başladı. Gəncə şəhərində yaşayıb yaradan şairlərdən Mirzə Mehdi Nədcini, Molla Abdullanı, Hacı Abbası və başqalarını göstərmək olar. 1918-ci ilə kimi olan bütün rəsmi sənədlərdə Gəncə Yelezavetpol kimi xatırlanır. Şəhərin tarixi adı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra özünə qaytarıldı. 1924-cü ildə şəhərdə pedaqoji seminariya açıldı.

 1935-ci ilədək şəhər Gəncə adlandırıldı. 1935-ci ildə şəhərin adı yenidən dəyişdirilərək Kirovabad qoyuldu. Daha sonra, 1989-cu ildə bu ad yenidən qaytarılıb. Gəncə bir də tarixən məhəllələri ilə məhşur olub. Əttarlarda-ədviyyat satanlar, Zərrabidə zərgərlər, Ozanda bəzzazlar, Sofuluda dabbaqlar, İmamlıda dülgərlər, Səfərabadda dəmirçilər, Toyuqçuda quş bəsləyənlər, Şahsevəndə məstçilər, Papaqçılar məskunlaşıblar. Bunlar şəhərin mərkəzi idi. 

Kənarda isə 20-dən çox məhəllə mövcud olub. Çayqıraqlı, Qatırçı, Cuhudlar, Tatabad, Aşıqlar, Hacıməlikli, Mollacəlilli və s. Bütün dövrlərdə olduğu XXI əsrin əvvəlində də Gəncə daha sürətlə inkişaf edir. 2500-dən çox yaşı olmasına baxmayaraq burada 

müasirliklə qədimliyin sintezi göz oxşayır, hər addımda belə milli mədəniyyətin izlərinə rast gəlinir. Hakimiyyəti illərində ulu öndər Heydər Əliyev Azərbaycanın hər bir bölgəsinə xüsusi qayğı ilə yanaşırdı. Qədim Nizami yurdu Gəncə isə bu qayğını hər zaman hiss edib. Gəncənin nəinki siyasi iqtisadi,hətta mədəni həyatında onun rolu danılmazdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev təməli qoyulmuş bu ənənəni davam etdirir. Gəncənin günü gündən gözəlləşməsi, qədimliyini qoruyub saxlamaq şərtiylə müasirləşməsi üçün əlindən gələni əsirgəmir.