Xarici dillərin öyrənilməsi hər zaman dünyaya inteqrasiya baxımından vacib addım sayılıb. Bu gün isə yaxşı iş yeri tapmaq, dünyaya səyahət etmək və ya ölkəmizdə turizm potensialının artması səbəbilə çoxsaylı turistləri qarşılamaq baxımından xarici dilə tələbat daha da artıb. İndi məktəb yaşlı uşaqlarda belə xarici dilə həvəsi görmək mümkündür. Elə valideynlər də bu işdə çox maraqlıdırlar. Kiçik yaşlarından uşaqlar üçün xarici dil seçimində isə valideynlərin fikirləri əsas götürülür. Ancaq bu, digər bir problemi ortaya çıxarır. Belə ki, son vaxtlar ingilis dilinə tələbat artıb. Bu da digər xarici dil müəllimlərinin gələcəkdə işsizlik məsələsini gündəmə gətirir.
Hazırda Şəkidə 98 orta məktəb fəaliyyət göstərir. Orta məktəblərin hər birində bir və ya iki xarici dil tədris olunur. Bu dillər əsasən ingilis və rus dilləri olsa da, alman, fransız, ərəb dillərinin tədris olunduğu ümumtəhsil müəssisələri də var. Lakin 10 il əvvəllə müqayisədə, alman və fransız dilini xarici dil kimi seçən məktəblərin sayı azalır.
Dil seçiminə təsir edən digər amillər də var. Buna səbəblərdən biri də, onları ali məktəblərdə gözləyən çətinliklərdir. Belə ki, qəbul imtahanlarında orta məktəbdə öyrənilən xarici dildən imtahan verənlər ali məktəbdə başqa, əsasən də rus və ingilis dillərini mənimsəməli olurlar.
Çox sayda xarici dil öyrənmək nə qədər önəmli və üstün olsa da, heç də hər kəs bunun öhdəsindən müvəffəqiyyətlə gələ bilmir. Ona görə də valideynlər uşaqlarının dil seçiminə xüsusilə həssaslıqla yanaşırlar.
Nəticədə şagird çatışmazlığından məktəblərdə fransız və almandilli siniflər formalaşa bilmir. Belə olan halda, alman və fransız dili müəllimləri işsizlik problemi ilə üz-üzə qalır.
Hətta bəzən rus dili kimi müəllimlik ixtisası alanlar da, eyni problemlə qarşılaşırlar.
Hazırda bir çox şirkətlərdə isə əsas xarici dil kimi ingilis dilini bilən mütəxəssislərə tələbat var.
Şəki şəhər Təhsil Şöbəsindən isə bildirdilər ki, nə vaxtsa ali məktəbdə ikinci ixtisas olaraq ingilis dili öyrənən müəllimlər həmin dil üzrə bir il ixtisas artırırlar və ingilis dilini tədris edə bilirlər. Ancaq ikinci ixtisası olmayan və işsiz qalma ehtimalı olan kifayət qədər müəllim də var. Bu problemi müəyyən qədər aradan qaldırmaq və şagirdlərin ikinci xarici dil öyrənmələrini təmin etmək üçün 5-ci sinifdən başlayaraq həftədə bir saat olmaqla həmin xarici dillərin tədrisinə başlanılıb.
İş tapmaq, xaricilərlə həm ölkəmizdə, həm də xaricdə sərbəst danışa bilməkdə xarici dilləri öyrənmək vacibdir. Ancaq ölkəmizdə müxtəlif dillərin tədrisinin vacibliyini nəzərdən qaçırmaq olmaz. Həmin dillərin tədrisini davam etdirmək üçün atılan addımlar da bu baxımdan əhəmiyyətlidir. Bu, həm də alman, fransız dili kimi ixtisası olan müəllimlərin işsiz qalmamasına səbəb ola bilər.
İlqar Yaşaroğlu
- Baxış: 78614