• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 04.05.2024 19:16

Cüdo üzrə Avropa Kuboku başlayıb

KepezTV Player

Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb. İkinci ildir ki, keçirilən yarışda kifayət qədər ölkə iştirak edir.

Yerli Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi turnir Avropa Cüdo Birliyinin təqvim planında yer alıb. Açıq xarakterli olduğundan yarışda Avropa ölkələri ilə yanaşı Asiyadan olan tatami ustaları da qüvvəsini sınayır. Turnirdə 14 ölkədən 329 cüdoçu iştirak edir. Azərbaycan Avropa kubokunda 140 idmançı ilə təmsil olunur.

Kamran Talıbov- ACF-in idman direktoru: “Yarışın paytaxtda yox, regionda keçirilməsi kütləviliyə, cüdoçunun inkişafına böyük töhfə verəcək. Cüdo üzrə güclü ölklərdən Gürcüstan, Azərbaycan, Türkiyə, Fransa kimi ölkələrin iştirakı xüsusi əhəmiyyət daşıyır. Həmçinin burada Rusiya idmançılarının da iştirakı çox az hallarda rast gəlinən bir şeydir. Onlar burada fərdi neytral statusda mübarizə aparırlar və kifayət qədər böyük heyətlə qatılıblar”.

Mübarizələr qız və oğlanlar arasında 16 çəki dərəcəsində təşkil edilir. İlk yarış günü 8 çəkidə qaliblər müəyyənləşib.

Jaka Samek- Sloveniya komandasının üzvü: “Yarışa Sloveniyadan qatılıram. İlk dəfədir ki, Azərbaycandayam. Çox gözəl ölkəniz var. Buranı çox bəyəndim. Avropa Kuboku çox yaxşı şəkildə təşkil olunub. Rəqabət güclüdür. Komandamız Göygölə yaxşı nəticə qazanmaq üçün gəlib. Bu yarışın ənənəvi xarakterli olduğunu bilirik. Gələcək turnirlərdə də buraya gəlməyi düşünərəm”.

Şevval Erdoğmuş- Türkiyə komandasının üzvü: “Turnir çox yaxşı gedir. Görüşlər keçirdikcə təcrübə qazanmaq ehtimalımız olur. Qaldığımız yerləri, yeməkləri çox xoşladıq, tatami və atmosfer də çox yaxşıdır”.

Yasin Doğan- Türkiyə komandasının məşqçisi: “Xüsusilə Avropa, dünya çempionatlarına hazırlıq üçün yaxşı bir turnirdir. Biz hər il bura gəlirik. Yarışın idmançılarımıza çox şey qazandırdığını düşünürük. Ölkə olaraq 15 oğlan və 10 qız cüdoçu ilə turnirə qatıldıq. Yarışlar iki gün davam edəcək, hər şeydən çox məmnunuq. İdmançıların inkişafını, texniki göstəricilərini, perspektivləri aşkar etmək üçün çox yaxşı turnirdir”.

Xanəhməd Rzazadə- məşqçi: “Yarışımız Avropa cüdo birliyinin təqvim planında olan yarışdır və artıq ikinci ildir ki, Azərbaycanda Avropa Kuboku keçirilir. Göygöldə keçirilməsi region idmançıları üçün bayram əhval-ruhiyyəsində izlənilən bir yarışdır. Əsas da iştirakçılardan əlavə, yeniyetmə cüdoçular bu yarışda izləyici olurlar və bu, onları daha stimullaşdırır. Bu turnirlərin gələcəkdə ölkəmizdə cüdoçunun inkişafına köməyi olur”.

Yarış yeniyetmələrin peşəkarlıq səviyyəsinin artırılması, beynəlxalq turnirlərdə iştirak edəcək heyəti formalaşdırmaq baxımından böyük önəm daşıyıb.

Bu yarış Göygöldə may ayı ərazində sonuncu cüdo tədbiri olmayacaq. Mayın 5-də Avropa kuboku başa çatdıqdan sonra 6-8 may tarixlərində beynəlxalq təlim-məşq toplanışı, ayın 10-da isə kəmər dərəcəsi üzrə rəsmi imtahan keçiriləcək.

Orxan Cəfərzadə