• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2156
— 25.04.2024 18:23

Basketbolçular məktəblilərlə görüşüblər

KepezTV Player

"Gəncə" basketbol klubunun üzvləri 1 nömrəli tam orta məktəbdə şagirdlər ilə görüşüblər. Tədbirdə “sarı-göylər”in baş məşqçisi Bedri Meriç, köməkçisi Rizvan Səfərov, basketbolçulardan İrşad Hant, Donovan Filds və Əlibəy Məmmədli iştirak edib. Məşqçilər klubun fəaliyyəti və uğurları haqqında məlumat veriblər. “Gəncə”nin ötən mövsüm Azərbaycan Basketbol Liqasında gümüş mükafatçı olduğunu və Azərbaycan Kubokunda qalib gəldiyini vurğulayıblar. Oyunçular bu mövsüm keçirdikləri matçlardan danışıb, Gəncədə basketbolun sevildiyini, bunu şəhərdə onlara olan diqqətdən də hiss etdiklərini bildiriblər. Sonra məktəblilər komandanın üzvlərini sual yağışına tutublar. Şagirdlər onları maraqlandıran mövzularda çoxsaylı suallar veriblər. Məşqçilər və oyunçular ünvanlanan sualları həvəslə cavablandırıb, basketbolla məşğul olmaq istəyənlərə məsləhətlər veriblər. Ən yaxşı sual müəlliflərinə klubun şərfi hədiyyə olunub. Bu cür görüşlərin basketbolun təbliğatına yönəldiyi, bu idman növünün kütləviliyinin təmin edilməsinə və inkişafına xidmət etdiyi xüsusilə qeyd olunub.

Əlibəy Məmmədli- basketbolçu: “Şad oldum ki, məni buraya dəvət etdilər. Uşaqları gördük, onlar bizi gördülər. Ömür boyu çalışmışıq ki, basketbol cəmiyyətinə uşaqları daha da həvəsləndirək, bu, bizə lazımdır”. 

Donovan Filds- basketbolçu: “Məktəbdə şagirdlərlə görüşümüz səmərəli keçdi. Uşaqlar basketbola maraq göstərirlər. Öyrənmək istədiklərini bizdən soruşdular. Suallar verdilər. Biz də cavablandırmağa çalışdıq. Ümumiyyətlə, Gəncədə insanlar bizə qarşı çox mehribandırlar. Əla münasibət göstərirlər. Burada özümüzü öz vətənimizdəki kimi hiss edirik”.

Telman Daşdəmirov- fiziki tərbiyə müəllimi: “Bugünkü görüşümüz doğrudan da şagirdlərimizdə böyük ruh yüksəkliyi yaratdı. Basketbola böyük maraq yaratdı. Mən istəyərdim ki, bütün məktəblərdə, bütün universitetlərdə tez-tez keçirilsin. Bu da gələcəkdə şəhərimizdə basketbolun inkişafı üçün çox böyük maraq yarada bilər”.

Azad Mustafayev