• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1164
— 16.04.2024 19:09

Şagirdin biri digərinə xəsarət yetirib

KepezTV Player

Gəncə məktəbində şagirdlər arasında növbəti qanlı insident qeydə alınıb. Bu dəfə diqqət mərkəzinə 8 N-li yox, 36 N-li məktəb düşüb. 

Şagirdlər arasındakı insident məktəbin həyətində olan sanitar qovuşağın içərisində baş verib. Bir-biri ilə mübahisə edən şagirdlərdən biri digərinə xəsarət yetirib.

Şagirdlər arasında insident Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbdə tənəffüs zamanı baş verib. 9-cu sinif şagirdləri olan oğlanların iştirakı ilə baş verən hadisə ilə bağlı dərhal məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Ayağından xəsarət alan yaralıya yerindəcə ilkin tibbi yardım göstərilib.

Sədaqət Məmmədova- məktəbin direktoru: “Dördüncü saatdan sonra sinif rəhbəri gəlib dedi ki, şagirdlər arasında zarafat olub. İnsident baş verib. Çıxdım, baxdıq ki, uşağın biri narahatdır. Dedi, müəllimə, zarafat edəndə sürüşdüm, yıxıldım, şüşə ayağıma batdı. Təcili yardıma zəng etdik. Gəldi baxdı, dedi ki, narahatçılıq yoxdur. İstəyərsə iynə vurarıq, əmisi də yanında idi”.

Baş verən insidentlə əlaqədar məktəbə gələn polis əməkdaşları tərəfindən ilkin araşdırmalar aparılıb. 

Hadisədən məktəbdə təhsil alanların valideynləri narahat olublar.  

Bir müddət əvvəl Gəncənin 8 N-li məktəbində baş verən məlum hadisələrin şəhərin digər orta təhsil müəssisəsində qeydə alınması Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən profilaktik tədbirlərin sayını artırmağa əsas yaradır.  

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Gəncə-Daşkəsən regional təhsil idarəsi olaraq şagirdlər arasında sosial emosional mühitin formalaşdırılması, şagird təhlüksəizliyinin inkişaf etdirilməsi mühitində mütəmdi olaraq tədbirlər görülür. Bununla bağlı psixoloji mühitin formalaşdırılması həyata keçirilir”.

Xatırladaq ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncənin 8 nömrəli orta məktəbində məktəbli qız digər məktəb yoldaşına qayçı ilə xəsarət yetirmişdi. Həmçinin həmin təhsil ocağında 11-ci sinifdə oxuyan oğlan şagirdlə mübahisə zamanı onu qətlə yetirmişdi. Goranboyun Dəliməmmədli şəhərində də şagirdlərdən biri o birinə bıçaqla xəsarət yetirmişdi.  

Elnur Vahidoğlu