• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 21.03.2024 13:58

"Əl yandıran" meyvələri alan var?

KepezTV Player

Yaz mövsümünün yeni gəlməsinə baxmayaraq şəhər bazarlarında hər mövsümə uyğun meyvəni tapmaq mümkündür. Söhbət alça, şaftalı, çiyələk və bu kimi digərlərindən gedir. Qiymətləri isə necə deyərlər, od tutub yanır.

Piştaxtalarda istənilən meyvəni tapmaq mümkündür. Özü də istehsal mövsümündən asılı olmayaraq. Elə qiyməti də mövsümündəkindən fərqlidir belə meyvələrin, hardasa 10-15 dəfə baha. Satıcılar deyir ki, hər meyvənin öz alıcısı var. 

Satıcı: “Yay meyvələrindən alça, nektarin, feyxoa, çiyələk və qarpızımız var. Çiyələyə tələbatımız çoxdur, amma alçaya, şaftalıya, feyxoaya, qarpıza tələbatımız o qədər də çox deyil, amma istəyənlər olur. Qiymətlər - çiyələyin bir qabı 6-7 manat arası dəyişir, qarpızın 1 dənəsi 10-12 manat, alçanın 1 dənəsi 7-8 manatdır, şaftalının da bir dənəsi 5 manatdır, onu da dənəylə satırıq”.

Satıcı: “Yay meyvələrindən çiyələk gətirmişik. Çiyələyin də kilosu 7-8 manatdır. 6.50-yə alıb, 7-yə satırıq ki, hamı ala bilsin. 100-də bir nəfər, iki nəfər alan var. Alıcı çox azdır”.

Satıcı: “Çiyələk, alça, nektarin bunlara tez-tez müştərilər gəlir. Bahadır, onsuz da hər adam almır. Alan da imkanı var ki, alır. Mən də bir məsləhət görərəm ki, albəttə ki, təbii meyvələr daha yaxşıdır. Hər şey öz mövsümündə daha yaxşıdır”.

Tək bazarlarda yox, sosial şəbəkələrdə də yay meyvələrinin satışı olduqca populyardır. Belə meyvələrin əksəriyyəti isə xarici ölkələrdən gətirildiyindən genləri dəyişdirilmiş olur. Müşahidələrimiz zamanı məlum oldu ki, alıcılar bazarlarda belə baha qiymətə satılan meyvələrin tək büdcəyə yox, sağlamlıq cəhətdən də ziyanı olduğunu düşünürlər.

Alıcı: “Bu gün mən alıcı qismində neçə yerə yaxınlaşmışam, görürəm ki, yerli meyvələr azdır, xarici meyvələrə üstünlük verirlər. Alça bu gün bahadır, çiyələk bahadır, onu təbii ki, kasıb indi yeyə bilməz, yəni o qiymətə alıb, yeyə bilməz”.

Alıcı: “Hər meyvənin özünün mövsümü var. Bu dəqiqə onları baha qiymətə almaq hər kəsə nəsib deyil. Onları mövsümündə yesən, daha yaxşı olar. Onlar ziyanlıdır, belə ziyanlıdır ki, bu dəqiqə təbii meyvə yoxdur. Təbii yayda olur. Çiyələk, alça, qarpız, yemiş, bax bunlar hamısı dərmanla əmələ gələndir”.

Alıcı: “O xaricdən gələn meyvələrin dadı da yoxdur. Öz yerli meyvəmizin dadını vermir. Çox bahadır, əl yandırır. Kimsə ürəyi istəyir, 1,2 dənə alır. Şəxsən mən almaram onu, məsləhət görmürəm”.

Alıcı: “Dərmanla yetişdirilmiş meyvələrdir. Mən onu niyə alım ki? Sonra da uşaqlara yedizdirim, xəstə olsunlar?!”

Süni istilik və hormonlarla yetişən hansısa meyvənin keyfiyyəti, öz iqlimində təbii yetişən meyvənin keyfiyyəti qədər olmur. Təbii ki, öz fəslində, öz iqlimində yetişən meyvələr daha ucuz və ən əsası daha faydalı olur.

Pərvin Abbaszadə