• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1402
— 21.03.2024 13:48

Ramazanda düzgün və balanslı qidalanma vacibdir

KepezTV Player

Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdəki qidalanmadan tam fərqlənir. Bu ayda balanslı və keyfiyyətli qidalanmaya daha çox diqqət etmək lazımdır. Yaz fəslinə təsadüf etdiyindən, oruc tutarkən aclıq və susuzluğu daha çox hiss etmiş oluruq. Bu səbəbdən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. 

Ramazan ayında sağlam şəkildə oruc tutmaq bədən fəaliyyəti üçün olduqca vacibdir. Oruc zamanı xüsusən də, imsak və iftar vaxtı qidalanma rejiminə diqqət etmək lazımdır. Ramazanda açılan süfrələrdə sağlam qidalanmaq üçün porsiyaları nizamlamaq lazımdır. Sağlam yeməkləri düzgün və miqdarından çox olmayacaq şəkildə yemək daha faydalıdır.

Aysu Məmişova- həkim: “Çox yağlı, çox acı, qızardılmış yeməklər yeməmək daha məsləhətlidir ki, mədəni yükləməsinlər. Bədən bütün gün ərzində ac qaldığı üçün aldığı bütün qidaları bədəndə ekstra qəbul edir və hamısını yağa çevirir. Ona görə də qidaları artıq istifadə etmək lazım deyil ki, bədənin qaraciyər və digər orqanları ağır vəziyyətdə qəbul etməsinlər”.

Bundan başqa bəzi xəstəliklərdən əziyyət çəkənlər üçün oruc tutmaq məcbur deyil. Çünki uzun müddət ac qalmaq orqanizmə fəsadlar verə bilər. 

Şərifə Həsənova- həkim: “Yaşlı adamlara birdən-birə uzun müddət ac qalmaq olmaz. Aşağı təzyiqli, immuniteti zəif olan xəstələrə olmaz. Bizim çağırışların çoxu olur ki, gedirik, oruc tutmuş xəstələrdir, onlar kollapsa düşürlər. Bütün gün ərzində susuz qalırlar, yemək yemirlər, təzyiq aşağı düşür və xəstələr özlərini pis hiss edir. Ürək-damar, mədə-bağırsaq xəstəlikləri olanlara olmaz. Artıq çəkisi olanlara, elə bir problemi olmayanlara oruc tutmaq məsləhətdir”.

Tərəvəz və meyvələri bol qəbul etmək mədə və bağırsaqların fəaliyyətini artırdığından, həzm sistemini də rahatlaşdıracaq. Ət, toyuq və balıq yeməklərini sobada bişirmək daha xeyirli olacaq. Uzun müddətli aclıqdan sonra qəbul ediləcək şirniyyatlar isə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.

Hüseyn Səlimov- sakin: “Normal keçirmək üçün kalorili - iki yumurta, iki xurma və su içmək bəs edir. Çox yeyəcəksənsə, oruc tutmağa dəyməz. Mən oruc tuturam, çox yemək lazım deyil. Axşam da balaca kasada şorba və yüngül yemək bəs edir. Mən belə gördüm və özümü çox rahat hiss elədim”.

Tariyel Aydınlı- sakin: “Özünü rahat hiss etmək üçün az yemək lazımdır. Yediyimiz yeməklər də vitaminli olmalıdır”.

Nailə Mehdiyeva- sakin: “Meyvə, xurma yemək lazımdır. Kalorili yemək o demək deyil ki, çoxlu yeyəsən. Ən əsası sağlam qidalansınlar”.

Bu il ölkəmizdə  Qədr, yəni Əhya gecələri 28, 30 mart, 1 və 5 aprel tarixlərinə təsadüf edir. Ramazan bayramı isə aprelin 10-11-də olacaqdır.

Elnur Vahidoğlu