• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1768
— 16.03.2024 20:41

Ənənəvi avtomobillərdən elektrik mühərrikli nəqliyyat vasitələrinə doğru

KepezTV Player

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncam imzalayıb. Burada elektromobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Sərəncam ölkədə bu tip avtomobillərin istifadəsində səmərəliliyin artmasına istiqamətlənib.

Ölkədə elektromobillərdən istifadənin təşviqi karbon qazının azaldılmasına, enerji səmərəliliyinin yüksəldilməsinə və nəqliyyat sənayesində innovasiyaların tətbiqinə xidmət edir. Eləcə də dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq xüsusi əhəmiyyət kəsb edir. 

Eldəniz Cəfərov- nəqliyyat eksperti: “Biz görürük ki, ölkəyə idxal olunan, ölkə daxilində elektromobillərdən istifadə edən vətəndaşlarımızın sayı dəfələrlə artır. Lakin bu, kifayət etmir. Bu gün təəssüf ki, Azərbaycanda elektrikdoldurma məntəqələri azdır. Vətəndaşlar avtomobil alanda bir qədər tərəddüd edirlər və bu səbəbdən də yeni sərəncamla ölkəmizdə enerjidoldurma məntəqələrinin təyin olunması, enerjidoldurma məntəqələrinin yerinin təyin olunması, həmin məntəqələrin enerji ilə təmin edilməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulur”.

Elektrik mühərrikli nəqliyyat vasitələri yanacağın sərfiyyatı baxımından da qənaətcil hesab edilir. Bu baxımdan yaxın gələcəkdə yollarda daha çox rast gəlinəcəyi istisna deyil.

Sürücü: “Gündə elə 10-12 manat yanacağa gedir. Ancaq elektrikli olanda elə olmur, o pul cibdə qalır”.

Sürücü: “Benzinə görə elektrik maşınlar ekonomikdir. Xeyri var. Həm də elektrikli maşınlar havanı çirkəndirmir”.

Elektriklə çalışan avtomobillərdən istifadənin təşviq edilməsinin əsas məqsədlərdən biri həm də ekosistemin yaxşılaşdırılmasıdır. Çünki ənənəvi nəqliyyat vasitələri atmosferə daha çox karbon qazı buraxır. Amma elektrobillərdə bu mövcud deyil.

İrşad Abbasov- ekoloq: “Ölkədə elektromobillərin istifadəsinin təşviqi, ölkəyə gətirilməsinin sitimullaşdırılması ölkədə mobil mənbələrdən atmosfer havasına atılan tullantıların, qazların minimuma endirilməsi ilə bağlıdır. Bu isə bilirsiniz ki, atmosfer havasına atılan istixana effekti deyilən qazların azalması qlobal iqlim dəyişməsinin fəsadlarının yüngülləşdirilməsinə, o qazların azaldılması istiqamətində atılan növbəti addımlardan biridir”.

İrəliləyən illərdə ictimai nəqliyyatda da elektrik mühərrikli avtobusların fəaliyyəti planlaşdırılır. 

Aişə Rzayeva