• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 16.03.2024 20:35

Nizami Gəncəvi milli mənsubiyyəti etibarilə türkdür

KepezTV Player

Dahi şairimiz Nizami Gəncəvi haqda tarixin müəyyən dövrlərində farslar tərəfindən müxtəlif iddialar ortaya atılıb, onu özününküləşdirmək cəhdləri olub. İran şairi kimi dünyaya təbliğ edilib. Hətta son illər martın 12-si şairin anadan olduğu gün kimi İranda Nizami həftəsi də elan edilir. 

Ayrı-ayrı dönəmlərdə bəzi dillərin əhatəliliyi, ədəbiyyatda daha çox istifadə olunması şairlərin, yazarların həmin dillərə müraciət etmələrini şərtləndirib. Orta əsrlərdə, daha dəqiq desək, Nizami Gəncəvinin yaşadığı 1141-1209-cu illərdə də fars dili bölgədə önəmli rol oynayıb və şair bu dildə yazıb-yaradıb. Ancaq bu, Nizami farsdır anmalına gəlməməlidir. Dünyada çox sayda tanınmış alimlər, filosoflar, şairlər var ki, əsərlərini tələbat olan dillərdə qələmə alıblar. Hansısa dildə fəaliyyət göstərmək isə  mənsubluq anlamına gəlmir.

Sabir Rüstəmxanlı- millət vəkili: “Nizaminin yaşadığı dövrdə Gəncədə fars yox idi, olsa da tək-tük adamlar var idi. Həmin dövrdə Gəncə tər-təmiz bir türk şəhəri idi. Səlcuqlar dönəmindən sonra orada türklərin sayı daha da artmışdı. Nizaminin dövründə İran deyilən bir yer yox idi. O zaman İran türk xanədanıydı. İran da Atabəylər dövlətinin tərkibində idi. Fars dilində yazsalar da amma mühit türk mühitiydi. Farsca yazanların hamısını ümumiran ədəbiyyatı götürürlər. Olsun, fars dilində yazdığına görə Nizamiyə şərik çıxmaq istəyirlər. Qoy dil amilinə görə şərik çıxsınlar, amma mənsubiyyətə görə şərik çıxa bilməzlər”.

Nizami Gəncəvinin 16-cı əsrə qədər qədim əlyazmalarında İran tərəfinin onun Qum şəhərində anadan olması ilə bağlı səsləndirdiyi fikirlər əks olunmayıb. Ancaq nədənsə bir andaca 16-cı əsrdə "Xəmsə"sinə daxil olan əsərində bir cümlə ortaya çıxır və şair farslaşdırılır.

Əlimuxtar Muxtarov- AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru: “Biz həmin o əlavə edilən, eyni zamanda Nizaminin ölməz “Xəmsə”sinə yapışdırılmağa çalışılan o beytlə bağlı onu ifadə edə bilərik ki, o, yamaq kimi rahatlıqla hiss olunur. “İsgəndərnamə” poemasına əlavə edilən həmin beytlər şairin əsərlərinin nə ruhuna, nə formasına, nə də məzmununa uyğun gəlmir”.

Uzaqgörən şair olan Nizami Gəncəvi həyatda olarkən əsərlərində mənsub olduğu yeri dəfələrlə qeyd edib. Bununla da o, boş-boş danışanlara yaşadığı dövrdən cavabını verib.

Əlimuxtar Muxtarov- AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru: “Sanki Nizami Gəncəvi özü sağlığında onun əsərlərini kimlərinsə haqsız olaraq mənimsəyəcəyini, eyni zamanda onu öz mənsub olduğu Azərbaycan türklüyündən qoparmağa çalışacaqlarını uzaqgörənliklə hiss edirdi. Onun “Xəmsə”sinə nəzər salsaq ifadə edir ki, “Nehane məra ta aşikarə bərən, ze Gəncə əst, ta Buxara bərən”. Deyir; əgər mənim gizlinlərimi buradan Buxaraya qədər aparsalar da, onların kökü, mənşəyi Gəncədir”.

Bundan başqa tarixi sənədlər, araşdırmalar da ədəbiyyatımızın görkəmli nümayəndəsinin Gəncədə anadan olmasını sübuta yetirir. Onun şəcərəsinə mənsub olan şəxslər günümüzdə də şəhərdə yaşayırlar.

Əlimuxtar Muxtarov- AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru: “Tarixi sənədlərdə, xüsusilə də 1970-ci illərdə Türkiyə tədqiqatlarında Fəxrəddin Kılıcoğlunun məqaləsində biz oxuyuruq ki, 15-16-cı əsrə aid qədim Osmanlı mənbələrində Nizami Gəncəviyə aid olan vəqflər və torpaq əraziləri olmuşdur ki, onların mənsubdarları Nizami Gəncəvinin şəcərəsinin davamçıları olan Şeyxzamanovlara məxsus olmuşdur. O da məhz Gəncə ərazisində yerləşir”.

Odur ki, İranın Nizami Gəncəvinin mənsubiyyəti ilə əlaqədar iddiasının nə elmi, nə etnik, nə də toponimik əsası yoxdur. Bunu hətta farsların araşdırmaçı alimləri də etiraf edirlər. Dahi şairin əsərlərindəki obrazlar, türk təfəkkürü, türkləri tərənnüm etməsi ona işarədir ki, Nizami Gəncəvi türkdür, azərbaycanlıdır. İranda keçirilən Nizami həftəsi isə Azərbaycan şairinin yaradıcılığının təbliğindən o tərəfə olan bir şey ola bilməz. Hansı ki, dünya ədəbiyyatında özünəxas yeri var və elə Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin timsalında Nizaminin Azərbaycana mənsubluğu sübuta yetirilir.

Orxan Cəfərzadə