• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 999
— 07.03.2024 20:26

Qadın güləşçimiz Olimpiya çempionluğunu hədəfləyib

KepezTV Player

Azərbaycanda qadın güləşi deyiləndə ilk yada düşən ad şübhəsiz ki, Mariya Stadnikdir. Təcrübəli xanım pəhləvan uzun illərdir millimizin şərəfini qoruyur və cari il Paris-2024 Olimpiya Oyunlarında ən böyük medal ümidlərimizdəndir. Göygöldə təlim-məşq toplanışında olan güləşçimizin Olimpiadaya hazırlıqla bağlı fikirlərini öyrəndik. 

Mariya Stadnik son olaraq ötən ay Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında qızıl medala sahib çıxaraq 10-cu dəfə köhnə qitənin ən güclüsü olub. Bununla da qadın güləş tariximizin ən titullu idmançısı medal kolleksiyasını daha da genişləndirib. Daha əvvəl 2 dəfə dünya çempionu olan yığma üzvünün ən böyük hədəfi Paris-2024-də Olimpiya qızılına yiyələnməkdir.

Mariya Stadnik- milli komandanın üzvü: “Hazırda 5-ci Olimpiadama hazırlaşıram. Hələ ki, lisenziya qazanmamışam. Lakin 1 aydan sonra Bakıda Olimpiadaya lisenziya xarakterli turnir keçiriləcək. Əminəm ki, Fransadakı Olimpiya oyunlarında iştirak edə biləcəm. Bu dəfə məni gözləyən qızıl medala sahib olacağımı düşünürəm. Daha öncə qatıldığım 4 Olimpiadada medal qazansam da, bu mükafatlardan 2-si bürünc, 2-si isə gümüş olub. Ona görə ancaq diqqətimizi qızıl medala yönəltmişik. Kolleksiyamda yalnız bu mükafat yoxdur. Hədəfim Paris 2024-ə lisenziya qazanmaq və Azərbaycana ən yüksək nailiyyətlə qayıtmaqdır”.

Mariya Stadnik Fransada keçiriləcək Olimpiya oyunlarından sonrakı taleyi haqda da danışıb. Güləşçi idmançı karyerası ilə bağlı hələlik qərar vermədiyini, diqqətini ancaq Olimpiadaya yönəltdiyini ifadə edib.

Mariya Stadnik- milli komandanın üzvü: “Paris Olimpiadasından sonra karyeramı bitirəcəyimi dəqiq bilmirəm, bunu zaman göstərəcək. Hazırda əsasən yarışlara fokuslanmışam. Amma fikirləşmirəm ki, idmandan ayrı düşəcəm. Güləş sahəsində idmançı, məşqçi və ya başqa vəzifədə iştirak edəcəm. Çünki uzun müddətdir qadın yığmasındayam və istəmirəm təcrübə və bacarığım kənarda qalsın. Bunları gənc qızlara ötürmək lazımdır və onlar üçün motivasiya verməliyəm. İstəyirəm ki, onlar gələcəkdə nəinki Mariya Stadnik olsunlar, hətta mənim göstəricilərimi üstələsinlər, Azərbaycanın qadın güləşində yeni tarix yazsınlar”.

Yeri gəlmişkən, Mariya Stadnik məşqçisi Olimpiya çempionu Toğrul Əsgərovla birlikdə vaxt tapıb, Gəncədəki 7 nömrəli tam orta məktəbdə şagirdlərlə də görüşüb. Hər iki tanınmış idmançı Olimpiya çempionunun oxuduğu təhsil ocağında karyeraları, uğurları haqda danışıblar. Eləcə də həm müəllimləri, həm də məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Orxan Cəfərzadə