Mədəniyyət Nazirinin xüsusi sərəncamı ilə ölkə ərazisində fəaliyyət göstərən 5 dövlət statuslu teatrda teatr-studiyaları fəaliyyətə başlayıb. Onlardan biri də Gəncə Dövlət Dram Teatrında yaradılıb. Məqsəd, bölgələrdə olan istedadlı gəncləri üzə çıxarmaq və region teatrlarında olan kadr çatışmazlığı problemini aradan qaldırmaqdır.
Gəncə Dövlət Dram Teatrının nəzdində yaradılan "İkinci nəfəs" teatr studiyasına 17-25 yaş aralığında olan gənclər müraciət edə bilər. Qeydiyyat başa çatdıqdan sonra seçilən gənclər üçün aktyor sənəti dərslərinə start veriləcək. Studiyanın martın birinci ongünlüyündə fəaliyyətə başlaması planlaşdırılır. Dərsləri peşəkar aktyorlar, incəsənət və mədəniyyət üzrə xadimlər keçəcək.
Elşad Əhmədov- Gəncə Dövlət Dram Teatrının baş rejissoru: “Layihənin yaranmasına zərurət regionlarda istedadlı olan, teatra həvəsi olan gənclərin teatr sənətinə olan marağının artırılması və teatr sənətinin baza hissəsi olan aktyor sənətinin sirrlərinin öyrədilməsidir. Seçim turundan sonra həmin gənclərə aktyor sənəti, səhnə danışığı, nitq mədəniyyəti, ümumi teatr nəzəriyyəsi, rəqs, plastika kimi aktyor sənətinin təməl bazası sayılan bu fənlər tədris olunacaq”.
Regionlarda olan kadr yetməzliyinin əsas səbəbi paytaxta təhsil alan gənclərin, təhsil müddəti başa çatandan sonra geri dönmək istəyinin olmamasıdır.
Anar Burcəliyev- Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri: “Biz ixtisaslı kadrların cəlb edilməsi məsələsində də çətinliklərlə üzləşirik. Adətən bizim çox zaman yetişdirdiyimiz gənclərimiz İncəsənət Universitetində təhsil aldıqdan sonra paytaxtda qalmağa daha çox üstünlük verirlər. Amma bu gün biz yenə də Gəncə Dövlət Dram Teatrı olaraq gənc kadr potensial heyətinin yetişdirilməsində maraqlı tərəf olaraq, öz mövqeyimizi bildiririk. Güman edirəm ki, gənclərin teatr studiyasına cəlb olunması çox istedadlı, bacarıqlı gənclərin Gəncə Dövlət Dram Teatrının böyük səhnəsinə gətirilməsinə zəmin yaradacaq”.
Əksər insanlarda “köhnə aktyorlardan indi yoxdur” fikiri formalaşıb. Amma bu, "istedadlı gənclər yoxdur" anlamı daşımamalıdır. Əsas olan istedadı olanı səhnəyə uyğun formalaşdırmaqdır.
Elşad Əhmədov- Gəncə Dövlət Dram Teatrının baş rejissoru: “Bizim məqsədimiz odur ki, Mədəniyyət və İncəsənət Universitetində təhsil ala bilməyən gəncləri Gəncə Dövlət Dram Teatrının nəzdində yaradılmış bu studiyada bilgilərlə təmin edək. Ümumiyyətlə, bu teatr studiyası bir ilk deyil. Bu, dünya teatrlarında da var. Və çox nəhəng teatr xadimləri həmin studiyalardan yetişiblər”.
Aktyor sənəti dərslərinə qeydiyyat Gəncə Dövlət Dram Teatrının yeni binasında davam edir. İndiyə kimi 30-a yaxın gəncin müraciəti sənədləşdirilib. Sonda "İkinci nəfəs" teatr studiyasını uğurla başa vuran gənclərə sertifikartlar da təqdim olunacaq.
Aişə Rzayeva
- Baxış: 183