• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 23.02.2024 20:01

Sosial sahədə gözləntilər

KepezTV Player

Sosial sahə hər zaman dövlət siyasətinin tərkib hissəsini təşkil edib. Ölkə başçısı İlham Əliyev də demək olar ki, çıxışlarının əksəriyyətində, eləcə də andiçmə mərasimində sosial sahə ilə bağlı məsələlərə xüsusi olaraq diqqət yetirib. 2024-cü ildə də dövlət büdcəsindən sosial istiqamətdə kifayət qədər məbləğdə pul ayrılıb. Həmçinin, sosialyönümlü layihələrin də icrası cari il geniş həyata keçiriləcək.

Sosial sahədə görülən işlər son 20 ildə nəzərəçarpacaq dərəcədə hiss olunmaqdadır. Əgər 2003-cü ildə minimum əməkhaqqı 9 manat idisə, hazırda bu rəqəm 345-dir. Orta aylıq əmək haqqı da ölkə üzrə 940 manata çatdırılıb. Bununla belə məşğulluğun təmini istiqamətində də işlər görülür.

Vahid Əhmədov- millət vəkili: “Bununla əlaqədar olaraq mənim Milli Məclisdə cənab Baş nazirə xahişim oldu ki, bizdə 14 iqtisadi rayon var. Hər rayon üzrə xüsusi iş yerlərinin açılması ilə əlaqədar 3 və ya 5 il müddətinə xüsusi proqramlar tərtib olunsun və iş yerləri açılsın. Çünki urbanizasiya məsələsi çox ciddi məsələdir. Əhali iş yerləri olmadığı üçün iri şəhərlərə gəlib, iş axtarırlar. Bu, bizim üçün önəmli məsələdir”.

Cari il Sosial Müdafiə Fonduna dövlət büdcəsindən 7 milyard manata yaxın vəsait ayrılıb. Bu da ötən illə müqayisədə 600 milyon manat çoxdur. Eləcə də sosialyönümlü layihələrə xərclənəcək maliyyə büdcənin böyük qismini təşkil edir.

Vahid Əhmədov- millət vəkili: “Sosial problemlər içərisində əhalinin əmək haqqı, pensiya və digər məsələlər həll edilməlidir. O məsələlər mütəmadi olaraq dövlət büdcəsində nəzərə alınır. Ümumiyyələ, biz hər il dövlət büdcəsini müzakirə edəndə dövlət başçısını ən çox müzakirə etdiyi məsələlər sosial məsələlərdir. 2024-cü ilin də dövlət büdcəsinin təxminən 43 faizini sosial layihələrə ayırmışıq. Bu da bizim üçün önəmli sahədir. Ona görə də bu sahəyə diqqət böyükdür”.

Qarşıdakı zaman kəsiyində sosial sahədə yeni islahatların aparılması da gündəmdədir. Bu da əhalinin rifahına hesablanıb.

Vüqar Bayramlı- millət vəkili: “Sosial proqramların genişləndirilməsi – həm pensiya, həm əməkhaqqı sistemində yeni islahatların aparılması da gözlənilir. Nəzərə alsaq ki, artıq pensiyalar indeksasiya olaraq artırılıb və indeksasiya sistemi təkmilləşib və hər il praktik olaraq pensiyaların indeksasiyası həyata keçiriləcək ki, indeksasiya sistemi daha çox vətəndaşlarımızın faydalanmasına imkan verəcək. Mütəmadi olaraq ehtiyac meyarının artırılması ünvanlı sosial yardım məbləğinin artmasına gətirib çıxarır. Bu da çox vacib məqamlardan biridir. Bu istiqamətdə də praktik olaraq işlər sürətlənməkdədir”.

Bunlarla yanaşı sosial evlərin inşası, əlilliyi olan şəxslərlə bağlı işlərin davam etdirilməsi hədəflənib.

İlqar Hüseynov- sosial ekspert: “Sosial evlərin tikilməsi, sosial evlər layihəsinin davam etdirilməsi prioritet kimi artıq nəzərdə tutulub. Əlil və iş qabiliyyətini itirmiş insanların tibbi reabilitasiya imkanlarının artırılması üçün xeyli sayda mərkəzlərin yaradılması işi davam etdirilir. Bu yaxınlarda Bərdədə belə bir mərkəzin açılışını gördük. Eyni zamanda digər ərazilərdə bu proses baş verir və əlillərin sosial və tibbi reabilitasiya məsələləriylə bağlı çox ciddi işlər həyata keçirilir”.

Ölkədə sosial sahədə ən vacib məsələlərin başında qiymətlərin bahalaşması durur. Bunun müəyyən qədər qarşısını almaq üçün 2024-cü ildə rəqabət məcəlləsinin qəbul olunması da nəzərdə tutulur. Bu qanun qəbul olunduqdan sonra daxili bazarda haqsız rəqabətə son qoyulacağı və qiymətlər arasında kəskin fərqlər olmayacağı düşünülür. 

Orxan Cəfərzadə