• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 21.02.2024 19:50

Xarici siyasətimiz əsas öhdəliklərimizdəndir

KepezTV Player

Növbədənkənar prezident seçkilərindən sonra yenidən ölkəyə rəhbər seçilən İlham Əliyev andiçmə mərasimində “yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq” ifadəsini əbəs yerə işlətməyib. Çünki son 4-5 ildə Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da artırıb və bu strategiyanı qarşıdakı dönəmdə şaxələndirməlidir ki, qazanılan nailiyyətlərin sayı çoxalsın. Bunun üçün beynəlxalq münasibətlərlə əlaqəli bütün aidiyyatı qurumlar, nümayəndələr iş fəaliyyətini birə-beş artırmalıdır. Politoloqların fikrincə əsas diqqətyetiriləcək məqam ölkə prezidentinin də dediyi kimi, türk birliyi dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsidir.

Elxan Şahinoğlu- siyasi şərhçi: “Əsas prioritetimiz türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi olacaq. Buna hər bir tükr dövlətinin ehtiyacı var. Türk inteqrasiyasının nüvəsini Türkiyə-Azərbaycan ittifaqı təşkil edir. Bunu, İlham Əliyevin prezident seçiləndən sonra ilk səfərini Türkiyəyə etməsi də sübut edir. Bu, ənənə halını alıb. Türkiyə ilə əməkdaşlığı genişləndiririk. Buna türk dünyasının digər dövlətlərini də cəlb etmək lazımdır. İyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısı olacaq. Orada bu məsələlər bir daha müzakirə olunacaq. Həmin toplantıya Azərbaycan prezidenti Şimali Kiprin dövlət başçısı Ersin Tatarı da dəvət edib. Bu da çox vacibdir ki, türk dünyasının Kiprlə sıx əlaqələrə ehtiyacı var”.

Digər tərəfdən xarici siyasətdə Azərbaycan arzulanan tərəfdaşdır. Onun üçün bir sıra dövlətlər ölkəmizlə sıx münasibətlərə can atırlar. Azərbaycan da bundan istifadə edərək, perspektiv vəd edən bexnəlxalq təmaslara üstünlük verməlidir. 

Elxan Şahinoğlu- siyasi şərhçi: “Düzdür, AŞPA da bizə qarşı ikili standartlardan çıxış edərək səsvermə hüququndan məhrum etdi. Amma özlərinə zərər etdilər. Çünki Aİ-nin özünün də Azərbaycanla əməkdaşlığa və bu əməkdaşlığı inkişaf etdirməyə ehtiyacı var. Dövlət başçısı İlham Əliyevin Münheh Təhlükəsizlik Konfransında iştirakını xatırlayaq. Yəni İlham Əliyevlə görüşmək üçün faktiki sıraya düzülmüşdülər, növbə gözləyirdilər. Çünki bütün dövlətlər Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün başa düşürlər ki, Azərbaycan Cənubi Qafqazın açar dövlətidir. Azərbaycan nefti, qazı, alternativ enerjilərimiz hamısı Avropaya yönəlib. Bu, Avropa üçün çox vacibdir. Buna ehtiyacları var. Gələcəkdə həm beynəlxalq təşkilatlarla əlaqə, həm də qərb dövlətləri ilə əməkdaşlığın öz yeri var”.

Azərbaycan Qoşulmama Hərəkatı ilə bağlı fəaliyyəti də qarşıdakı dövrdə diqqətdə saxlayacaq. Çünki bu beynəlxalq təşkilat xarici siyasətdə vacib əhəmiyyət kəsb edir.

Rasim Musabəyov- millət vəkili: “Qoşulmama Hərəkatı çərçivəsində də Azərbaycan öz fəallığını aşağı salmayacaq. Cənab prezident qeyd etdi ki, sədrliyi biz Uqandaya ötürmüşük, ancaq bu təşkilatı adətən üçlü, yəni keçmiş, mövcud və gələcək sədrlər idarə edir. Azərbaycan öz təsirlərini, töhfəsini saxlayacaq. Ələlxüsus da Uqandadan sonra Azərbaycana yaxın bir qardaş dövlət Özbəkistan bu təşkilata rəhbərlik edəcək”.

Ölkəmiz beynəlxalq əlaqələrdə istər quru, istərsə də su sərhədlərimizdə yerləşən qonşu dövlətlərlə münasibətlərə də xüsusi önəm verir. Qarşılıqlı əlaqələrin normal müstəvidə inkişafı xarici siyasətdə əsas prioritetlərdəndir. Xüsusilə uzun illər münaqişə şəraitində olduğumuz, hazırda isə sülh üçün yaxşı fürsət yaranan Ermənistanla. Yaxın gələcəkdə isə ən önəmli hadisə iqlim dəyişiklikləri ilə bağlı COP29 tədbirinə Azərbaycanın ev sahibliyi edəcək olmasıdır. Bu toplantıda bir çox vacib ölkələrin iştirak edəcəyini nəzərə alsaq, COP29 odlar yurdunun gələcəyə dair xarici siyasət planlarına müsbət mənada təsir edəcək.

 Orxan Cəfərzadə