• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 19.02.2024 19:45

Naxçıvanla quru əlaqəsi olacaq - istəsələr də, istəməsələr də

KepezTV Player

Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra yeni mərhələ başladığını nəzərə alsaq, qarşıya qoyulan bir çox hədəflər, öhdəliklər var. Bunlar arasında ən önəmlisi sırasında Zəngəzur dəhlizi də yer alır. Bu yöndə Ermənistan tərəfindən maneələr yaradılsa da, qarşılıqlı anlaşmalara əməl olunmasa belə ölkəmizin yürütdüyü uğurlu xarici siyasət bu məsələnin də tezliklə həllinə imkan verəcək.

2020-ci ildə Vətən müharibəsindəki qələbəmizdən sonra təslim olmağa məcbur olan Ermənistanın imzaladığı üçtərəfli bəyanata əsasən qarşı tərəf üzərinə öhdəliklər götürdü. Şərqi Zərgəzur iqtisadi rayonunu Naxçıvanla birləşdirən dəhliz də icrası məcbur öhdəliklərdəndir. Bu, həm də sülh müqaviləsinin əsas predmetlərindəndir. Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan işə çoxdan başlayıb. Avtomobil və dəmiryolu infrastrukturunun qurulması buna əyani sübutdur. Gəl ki, Ermənistan hər vəchlə buna mane olur. 

Sahil Kərimli- siyasi şərhçi: “Ermənistan ötən dövr ərzində 10 noyabr üçtərəfli bəyanatın heç bir müddəasına əməl etməyib. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, nəqliyyat kommunikasiya xətlərinin bərpa olunması istiqamətində Ermənistan üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinə maneçilik törədib və bundan boyun qaçırıb. Ermənistanın yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsi imzalamaq və əlbəttə ki, Zəngəzur dəhlizinin açılmasına öz töhfəsini verməkdir. Əks halda itirən yenə Ermənistanın özü olacaq”.

Əgər Ermənistan dəhlizin açılmasına razılaşmasa, ölkəmizin alternativ variantı da var. Bu yolun paraleli ilə elə Arazın o biri tayından - İran tərəfdən Naxçıvana yolun açılmasıdır. Ancaq politoloqlar düşünürlər ki, hər şeyə rəğmən Zərgəzur dəhlizi reallaşacaq.

Tural İsmayılov- siyasi şərhçi: “Yaxın 3 il ərzində Zəngəzur dəhlizinin reallaşması üçün ciddi addımların atılacağını düşünürəm. Baxmayaraq ki, Zəngəzur dəhlizinin reallaşmağı təkcə Azərbaycanın yox, regionun böyük dövlətlərinin bir çoxunun iqtisadi-siyasi maraqlarına xitab edir. Amma həm də bu layihəni türk dünyasının birləşmə arealı kimi görən bəzi ideologiyalar və siyasi qüvvələr gərginlik yaratmaq üçün, layihəni reallaşdırmamaq üçün Ermənistandan provakator kimi istifadə etməyə çalışırlar. Bütün çətinliklərə, provakasiyalara rəğmən yaxın illər ərzində Zəngəzur dəhlizinin reallaşacağını və bu dəhlizlə artıq ilk yüklərin daşınmağa başlayacağının şahidi olacağıq”.

Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı nala-mıxa vurmaq cəhdləri onsuz da sonda nəticəsiz qalacaq. Onsuz da yekunda Zəngəzur dəhlizi reallaşacaq. Bunu istəsələr də, istəməsələr də. Necə ki, 30 il gözlədik və sonda əsarətdə olan torpaqlarımızı azad etdik, eləcə də bir az da səbr edib, bu istəyimizə də nail olacağıq. 

Orxan Cəfərzadə