• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1317
— 18.02.2024 19:30

"Fast-food" qidalar orqanizm üçün nə qədər zərərlidir?

KepezTV Player

Müasir dövrdə insanların, əsasən də gənclərin bir çoxu hazır qidalara üstünlük verir. Zaman azlığından gündəlik həyatımızda ayaqüstü istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz “fast food” məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır. Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların istehlakı az vaxtımızı alsa da, zərərlərini demək olar ki, ömür boyu çəkirik.

Mədəd Yusifov- tələbə: “Mən özüm tələbəyəm. Gün ərzində hazır yeməklərdən istifadə edirəm. Yediyim də gün ərzində dönər olur, məcburi şəkildə. Gündə 2 dəfə, hətta 3 dəfə. Tələbə olduğum üçün rayondan yemək gəlmir, ona görə gün ərzində hazır yeməklərdən – dönər olur, peraşki olur, günlük yeyilən hazır yeməklərdən yeyirəm. Ziyanı var, təbii ki. Eyni yağda bişir, xolesterol yaradır”.

Ülvi Nəsibli- tələbə: “Ümumiyyətcə, əsasən evdə hazırlanan yeməklər ondan daha üstün olur, çünki bişirdiyini, necə hazırlandığını bilirsən. Amma başqa rayondan olduğum üçün, gün ərzində kollecdən gec çıxdığım üçün əsasən burger, pizza, evdə hazırlanmayan yeməklərdən istifadə edirəm”.

Raul Əliyev- şəhər sakini: “Vaxtım az olduğuna görə, hazır yeməklərdən çox istifadə edirəm, sifariş edərək. Bilmirik içində nələr var, nələr yoxdur. Çalışdığımız qədər ev yeməklərini yeyək. Ev yeməkləri yanımızda bişdiyinə görə. Həm də ev yeməkləri vitaminli, sağlam olur”.

Leyla Oruclu- şəhər sakini: “Günümüzün çox hissəsini çöllərdə - hazırlıqlara gedirik deyə, ev yeməyi yemirik. Məcbur, nəsə hazır yemək alırıq. Artıq kalorilərdir. İnsanlar get-gedə passiv həyata doğru gedir. Yəni istər-istəməz ondan da asılı qalırsan. Bir dəfə yeyirsənsə, gələn dəfə yenə ürəyin istəyir”.

Nərmin Piriyeva - şəhər sakini: “Gənc olaraq ürəyimiz fast-food istəyir. Çox vaxt dostlarımla burger yeməyə gedirik. Ziyanları da var, insanlarda piylənmə, yəni artıq kilolar yaradır”.

Bu gün “fast-food” görünüşünə və dadına görə böyüklərdən daha çox gənclər və uşaqlar arasında ən çox üstünlük verilən qidalar sırasındadır. Bu qidalara isə əsasən restoranlarda müxtəlif kampaniyalı menyularda rast gəlmək olur.

İsaq Əhmədov- dönərçi: “Biz burda dönər satırıq, fast-food yeməkləri satırıq, soba yeməkləridir. Adətən hazır yeməklərdir. Ortalama hesabla gün ərzində 100-150 ədəd dönər satırıq. Bizə gələn müştərilərdən gənc nəsil də var, yaşlı nəsil də var, tələbələr daha çox gəlir”.

Sərxan Baxışov- dönərçi: “Gündə təxmini 150 ədəd dönər satırıq. Çatdırılmamız da var, tələbat çoxdur. Gənclər də gəlir, yaşlılar da gəlir alıb, evlərinə aparırlar. Amma sifarişlərin çoxu çatdırılmadır”.

Simur Ələsgərov- restoran sahibi: “Bunu ayaqüstü qidalar adlandırsan, əvvəlki vaxtlarımıza baxdığımızda, gələn müştəri potensialımız hədsiz dərəcədə çoxdur. Bu prosesdə əlbəttə ki, biz valideynlər və nənələr, babalarla da təmasa keçirik. O səbəbə görə bunu yaşlı nəsil də daddıqda, hardasa maraq göstərir. Burgerlər, naggetslər, kombo setlərin tərkibində kartof frilərdir”.

Ayaqüstü yeməklərin tərkibinə dad keyfiyyətini dəyişdirən çoxlu sayda qida əlavəsi qatılır. Doymuş yağlardan hazırlanmış qidalar yüksək kalorili olur və bu da bir sıra xəstəliklərə yol aça bilir. Həkimlər bildirirlər ki, bu, əsasən də uşaqlarda ciddi inkişaf geriliklərinə gətirib çıxara bilir.

Tünzalə Haqverdiyeva- həkim: “Gənclər, uşaqlar, tələbələr hazır qidalardan istifadəyə üstünlük verirlər. Dönərlər, pizzalar, cipslər, hamburger, bəzi qazlı içkilər insan orqanizmində bəzi xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Ən çox da onkoloji, yəni xərçəngin yaranmasına risk faktorları çoxalır. Ən çox qaraciyərin hepatozu yaranır. Bu hepatozun da yaranması bu qidaların düzgün sorulmamasına görə, orada xolesterol səviyyəsi də çoxalır”.

Eyni zamanda həkimlərin sözlərinə görə,  25 yaşa qədər insanlar “fast-food” adlandırdığımız qidalardan uzaq durmalıdırlar. Çünki həmin dövrdə orqanizm inkişaf prosesində olduğu üçün bunun zərəri daha çox ola bilər.

Pərvin Abbaszadə