İl başlayar-başlamaz Gəncədə daşınmaz əmlakın qiymətində artım özünü biruzə verir. Bahalaşma həm alqı-satqı, həm də kirayə bazarında müşahidə olunur.
Cəmil Qədimov- şəhər sakini: “Mən 2023-cü ildə ev almaq qərarına gəldim. Evimi dəyişmək istəyirdim. Çox axtardıqdan sonra 2 otaqlı evi 35 minə tapmışdım. Bu il gəldim ki, həmin evin qiyməti 10 min manat qalxıb. Getdim maklerlə də maraqlandım, tanışlardan da maraqlandım ki, görüm, niyə eyni evi belə almalıyam? Çünki büdcəni mən belə yığmışdım. Dedilər ki, bu il qiymətlərin hamısı qalxıb”.
Son bir neçə ayda ölkəmizin əmlak bazarında nəzərəçarpacaq dərəcədə qiymət artımı davam edir. Bahalaşmadan əziyyət çəkənlərdən biri də Cəmil Qədimovdur. Xüsusilə də yaşayış binalarındakı mənzillərin qiyməti xeyli artıb.
Ceyhun Muğalov- rieltor: “Hal-hazırda evlər kəskin bahalaşıbdır. Əvvəl misal üçün, müştərilər gəlirdilər, 1 otaqlı ev axtarırdılar, 25-30 minə tapırdıq, verirdik, alırdılar. İndi 30 minə bir otaqlı tapmaq qeyri-mümkündür. İndi bir otaqlı evin qiyməti 40-45 min arasıdır”.
Fərhad Əhmədov- rieltor: “Müştərilər narazılıq edir. Yəni keçən il gələndə 30 minə təklif olunan evlər, bu il gələndə 40 minə təklif olunur. Bu da alıcılıq qüvvəsinə mənfi təsir edir. Evlər var, amma qiymətlər baha olduğuna görə müştərilər ala bilmir”.
Nazim Əliyev- rieltor: “Bəli, bahalaşıb. Elə hər şəraitdə kirayə də bahalaşıb, torpaq da, hündürmərtəbəlilər, 5 mərtəbəlilər, hamısı bahalaşıb. Ona görə də alıcı qüvvəsi yoxdur. Keçən il 42 min, 40 min, 45 min idi. İndi həmin evlər 50-55 mindir”.
Maraqlıdır, sözügedən artım tendensiyası nə qədər davam edəcək? Mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Məsim İbadov deyir ki, müşahidə edilən artım normal haldır. Sadəcə proqnozlaşdırılan artım bir az sürətli baş verir.
Məsim İbadov- ekspert: “Əmlak bazarında bu gün bahalaşma müşahidə olunur. Bunu biz proqnozlaşdırırdıq, gözləyirdik. Bu gözləntilər özünü qiymətlərdə göstərdi. Sadəcə olaraq bu gözləntilər biz proqnozlaşdırdığımızdan bir az sürətlidir. Bu bahalaşma ancaq ilin dəyişməsi ilə bağlıdır. Maksimum 2-ci ayın ortalarına bu, stabilləşəcək. Artıq hər şey gəlib öz yerini alacaq. Ona görə də bu artımın iqtisadi bazası yoxdur”.
Ekspertin sözlərinə görə, mənzil bazarında uzunmüddətli dövrdə qiymətlərin azalma ehtimalı böyükdür. İlkin bazarda isə qısamüddətli dövrdə qiymətlərin stabil qalması daha inandırıcıdır. 2024-cü ilin son dövrlərində isə növbəti qiymət artımını gözləmək olar.
Pərvin Abbaszadə
- Baxış: 2469