• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 08.02.2024 13:27

Prezident müşahidə missiyalarının rəhbərlərini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni də qəbul edib. Müşahidə missiyasının üzvləri həm Şuşada, həm də Xankəndidə səsvermə prosesini müşahidə etdiklərini deyiblər, bunu tarixi məqam kimi qiymətləndiriblər. Vurğulayıblar ki, Azərbaycan xalqının Qarabağ Zəfəri bütün Türk dünyasının zəfəridir və bu, Türk dünyasının özünəinamını daha da gücləndirib.

Prezident Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi də qəbul edib. Ömüralıyev təşkilatın geniş müşahidə missiyası ilə seçkiləri müşahidə etdiklərini, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilmiş digər ərazilərdə olduqlarını, seçkilərin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu deyib. Görüşdə bu il Azərbaycanda Təşkilatın qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edilib.

Prezident İlham Əliyevin qəbul etdiyi Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev seçkilərin Azərbaycanın müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirib. Seçkilərin ilk dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində keçirildiyini qeyd edən Prezident İlham Əliyev bunun Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini də qəbul edib. Azərbaycan ilə Təşkilat arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirən Prezident İlham Əliyev seçkilərdə qələbə münasibətilə ilk təbrikləri Təşkilata üzv ölkələrdən aldığını qeyd edib.