• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 02.02.2024 20:13

"Arpachay Open"də qazanılan uğur

KepezTV Player

Bakıda Azərbaycanın ən nüfuzlu karate yarışlarından olan “Arpachay Open” adlı beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan karateçiləri ilə yanaşı Türkiyə, Çexiya, Rusiya, İran, Gürcüstan, Özbəkistan və digər ölkələrin idmançıları medallar uğrunda mübarizə aparıblar. Sayca 9-cu dəfə təşkil olunan yarışda Gəncə karateçiləri də qüvvələrini sınayıblar.

Nizami Yurdunun təmsilçilərinin yarışdakı çıxışlarını uğurlu hesab etmək olar. 10-a yaxın ölkədən 630 idmançının qüvvəsini sınadığı yarışda gəncəli karateçilər 9 medal əldə ediblər.

Əziz Əzizov- Əməkdar məşqçi: “1 çempion verdik, gümüş medalçılarımız oldu və bürünc medallar qazandıq. Mən istəyərdim ki, bizim daha da yüksək nəticələrimiz olsun. Yəni biz ən azı 3 qızıl medal gözləyirdik. İki finalçımız məğlub oldu, ancaq biz onun üzərində işləyirik”.

Təcrübəli məşqçi Əziz Əzizov əslində nəticədən razı qaldığını bildirib. “Arpachay Open” kimi beynəlxalq turnirlərdə iştirak etməyin çatışmazlıqları aradan qaldırmaq baxımından faydalı olduğu qeyd edilir. Karateçilərin topladığı təcrübə Avropa və Dünya çempionatlarına hazırlıq baxımından vacib hesab edilir. 

Yaşar Tağıyev- yarışın qalibi: “13 yaşım var, -35 kq çəki dərəcəsində çıxış elədim. “Arpachay Open” yarışında 5 döyüş keçirdim. Hamısında qalib gəldim, birinci yeri tutdum”.

Fəxri Əsədov- bürünc mükafatçı: “-45 kq çəkidə çıxış edirəm. “Arpachay Open” turnirində üçüncü yerə layiq görüldüm. Mən 3 görüş keçirtdim. İkisini uddum. Axırıncı görüşümdə güclü rəqibiydi, ona uduzdum və o, yekunda qalib oldu”.

Fatimə Ələkbərova- gümüş mükafatçı: “15 yaşım var. “Arpachay Open” turnirində 61 kq çəki dərəcəsində ikinci yerə layiq görüldüm. Bu, ilk dəfə idi ağır çəki dərcəsində çıxış edirdim”.

Əməkdar məşqçi Əziz Əzizovun yetirmələrindən Azərbaycan milli komandasının heyətində yer alanlar da var. Həmin idmançılar hazırda yığmanın heyətində təlim-məşq toplanışında reytinq yarışlarında çıxış etmək üçün hazırlaşırlar.

Əziz Əzizov- Əməkdar məşqçi: “Fərid Cavadovu qeyd edə bilərəm. Hal-hazırda o, 60 kq-da 10-cu pillədə yerləşir. Və gələn il Dünya çempionatında, 2025-ci Dünya çempionatında yalnız reytinqli idmançılar iştirak edə bilər”.

Gəncəli karateçilər apreldə Bakıda təşkil olunacaq beynəlxalq turnir və mayda Bolqarıstanda keçiriləcək Şotokan karate üzrə Dünya çempionatına hazırlaşırlar.

Ramin Paşayev