• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 12.01.2024 20:23

İdman kompleksinin gələcək fəaliyyətinə aydınlıq gətirilib

KepezTV Player

20 ildən artıqdır ki, fəaliyyət göstərən Gəncə Olimpiya İdman Kompleksində ötən il 50-dən çox region və ölkə səviyyəli yarışlar keçirilib. Müxtəlif idman növləri üzrə bir çox bölmənin fəaliyyət göstərdiyi idman qurğusunda Azərbaycan çempionatlarında çıxış edən Basketbol və Voleybol klubları ev oyunlarını keçirir. Eləcə də, məşqlər bu məkanda təşkil olunur. 

İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Gəncə Olimpiya İdman Kompleksi ölkədə inşa olunmuş ilk idman qurğularındandır ki, məhz 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin açılışını etdiyi Olimpiya İdman komplekslərindən biridir. İlk komplekslərdən olduğu üçün demək olar ki, müəyyən hissələrdə təmir işlərinə ehtiyac vardı. İlyarım əvvəl təmir-bərpa işlərinə start verdik. Biz üzgüçülük hovuzunda da müxtəlif təmir-bərpa işləri apardıq. Şəraitinin yaxşılaşdırılması üçün çoxlu işlər gördük. Bunun nəticəsində Gənclər və İdman Nazirliyinin təşkil etdiyi müxtəlif üzgüçülük yarışları keçirilmişdir”.

Daha mötəbər yarışları qəbul etməyə bütün imkanları olacaq Gəncə İdman Sarayının istifadəyə verilməsi yaxın gələcəkdə baş tutacaq. O zaman bu günə qədər şəhərimizdə baş verən bir çox idman hadisələrini tribunalarından izlədiyimiz kompleksin funksiyası nədən ibarət olacaq?

İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Yeni inşa olunan Olimpiya İdman Kompleksi bildiyiniz kimi MDB dövlətləri arasında ən böyüyüdür. O kompleksdə nəzərdə tutulur ki, yüksək səviyyədə beynəlxalq yarışlar təşkil olunsun. Gəncə şəhərində ümumiyyətlə əhalinin sayını nəzərə alsaq, idman qurğularının çoxluğuna ehtiyac var. Düşünmürəm ki, o kompleks açılanda, Olimpiya Kompleksinin fəaliyyəti dayansın. Əksinə, idmana həvəs artır. Günü-gündən idmana gələnlərin sayı artır. Bizim ümumiyyətlə məqsədimiz Gəncədə tək yeniyetmə və gənclərimiz yox. Böyüklərin də, müxtəlif yaş qrupunda olan insanların idman növlərinə cəlb olunmasıdır. Bundan sonra da yeni kompleksin açılmasına baxmayaraq, bu kompleksin də fəaliyyəti davam edəcək. Və onu da qeyd edim ki, Gənclər və İdman Nazirliyindən müəyyən təftiş-yoxlama işləri aparılıbdır ki, məhz kompleksin əsaslı təmir işləri görülməsi də nəzərdə tutulur”.

Bu sözlərdən belə aydın olur ki, artıq bizim üçün əziz və doğma hesab edilən və gələcəkdə el arasında “köhnə kompleks” deyə müəyyənləşdirəcəyimiz Gəncə Olimpiya İdman Kompleksi hələ bir çox peşəkar idmançının yetişməsində öz xidmətlərini əsirgəməyəcək.

Ramin Paşayev