• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 08.12.2023 19:16

Sülhün işartısı və ya gücün diktə etdiyi məcburetmə

KepezTV Player

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. “Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır” dedik. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı. Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işləyib hazırlamaq qərarına gəldik. Onları işləyib Ermənistana göndərdik. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik. Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür”.

Ölkə başçısının da qeyd etdiyi kimi haylar sülhlə bağlı təklifləri dəyərləndirməyə başlayıblar və birgə açıqlama da bunun başlanğıcıdır. Son zamanlar çıxış yolu olmadığını görən ermənilər qarşılıqlı razılıq əldə etməkdən başqa çarələrinin olmadığını artıq anlayırlar. Təbii ki, burada əsas məqam ondan ibarətdir ki, hər iki ölkə bu açıqlama ilə sübut etdi ki, üçüncü tərəf olmadan da birbaşa danışıqlar apara bilərlər. Əlbəttə ki, Qazaxdakı Baş nazirlərin müavinlərinin sonuncu görüşünün də buna böyük ölçüdə təsiri var.

Tural İsmayılov- siyasi şərhçi: “Noyabr ayının sonunda Qazaxda delimitasiya komissiyalarının üçüncü tərəflər olmadan gerçəkləşməsi Azərbaycan və Ermənistan arasında tarixi bəyanatın imzalanmağına və eyni zamanda münasibətlərdə köklü dəyişikliyin əldə edilməyində vacib və müstəsna rol oynadı. Bundan sonra Moskvada, eyni zamanda Brüsseldə, hətta Vaşinqtonda müzakirələrin də aparılma perspektivləri var. Amma hesab edirəm ki, Azərbaycan və Ermənistan birbaşa danışına bildiklərini bütün dünyaya nümayiş elətdirmiş oldular”.

Diqqət çəkən məqam isə birgə açıqlamadan öncə Ermənistan parlamentinin sədri Alen Simonyanın mediaya açıqlaması olub. Qonşu dövlət rəsmisi də yaxın günlərdə sülhün imzalanacağını ifadə edib. Milli Məclisin deputatı Müşfiq Cəfərov qarşı tərəfin bu fikrinə münasibət bildirirək müqavilənin tarixinin uzaqda olmadığını deyib.

Müşfiq Cəfərov- millət vəkili: “İlk dəfə olaraq hər iki ölkənin birgə açıqlaması ilə tanış olduq. Artıq bu, bizi sülh müqaviləsinə yaxınlaşdıran bir açıqlama oldu. Hesab edirəm ki, hətta Simonyanın bir neçə ay öncə sülh müqaviləsinin imzalanmasının yaxın vaxtlarda baş tutacağını demişdisə, indi isə bunun yaxın günlərdə olacağını qeyd etdi. Düşünürəm ki, çox yaxın günlərdə imzalanmanın şahidi olacağıq. Təbii ki, bu həm bizim üçün, həm də qarşı tərəf üçün geniş imkanlar yaradacaq. Eyni zamanda hansı ki, bəyannamədəki maddələrdə varıydı ki, Zəngəzur dəhlizinin açılması. Bunun da sülh müqaviləsində öz əksini tapacağına inanıram”.

Görünən odur ki, tarixi anın gerçəkləşməsi ilin sonuna kimi baş tuta bilər. Azərbaycan və Ermənistan arasında əsrlərə dayanan düşmənçilik münasibəti sülhlə kökündən həll yolunu tapmağa yaxındır. Ən vacibi isə hər iki ölkə arasında qarşılıqlı münasibətlərin və Cənubi Qafqazda inkişafın təməli bu anlaşmadan asılıdır.

Orxan Cəfərzadə