• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 13.11.2023 10:07

Optik eynəyi necə seçməliyik?

Görmə qabiliyyətinin zəifləməsi, göz qapaqlarının qızarması, ağrı və qaşınma - bunlar göz xəstəliyinin əlamətləridir. İnsanda beş hissiyat orqanı olsa da, bu, o demək deyil ki, onlardan birinə qarşı laqeyd münasibət göstərmək olar. Gözdə qızartı, qaşınma hiss etmək, ağrı və şişkinlik, gözün tor görməsinə səbəb olan istənilən problem, ləkələr o mənaya gəlir ki, siz göz xəstəliyinə yoluxmusunuz. Görmədə iştirak edən əsas hissə gözün torlu qişasıdır ki, bu qişa da əslində beyində yerləşən görmə mərkəzinin periferik hissəsidir. Yəni biz, əslində gözümüzlə deyil, beynimizlə görürük. İstənilən görmə orqanının  zədələnməsi, hətta ilk görünüşdə tamamilə zərərsiz və tibbi yardıma ehtiyac yaratmayan kimi görünsə də, ciddi nəticələrə, görmə funksiyasının tam itkisinə və əlilliyə gətirib çıxara bilər. Göz travmaları zamanı gözlərin tam bərpa olunmasına qədər görmə korreksiyası üçün oftalmoloqlar eynəkdən istifadə etməyi məsləhət görürlər. Görmə qabiliyyətinin eynək korreksiyası uzun illər ərzində geniş istifadə olunan üsuldur. Əlçatanlıq, effektivlik, linzaları əvəz etmək imkanı kimi üstünlüklərinə malikdir. Onu da qeyd etmək vacibdir ki, eynək gözləri küləkdən və tozdan qoruyur. Eynək istifadənin asanlığı və xüsusi qayğıya ehtiyac olmamağı ilə seçilir. Ancaq, əgər bir insanın görmə problemləri varsa və xüsusilə ilk dəfə baş verərsə, onda eynək almağa tələsmək lazım deyil. Eynək almazdan əvvəl görmə qabiliyyətinin azalması ilə nəticələnən səbəbləri dəqiq öyrənmək üçün oftalmoloqa müraciət etmək lazımdır. Həkim vəziyyətinizdə hansı eynəyin müvafiq olduğunu təyin edəcək və həmçinin onların alınması üçün resept yazacaqdır. 

Vüsal Soltanov - Optika Eynəkləri üzrə satış məsləhətçisi: “Əvvəla onu demək istərdim ki, eynək istifadəsi zamanı, həkim tərəfindən göz müayinəsi mütləqdir və o müayinə əsasında eynək hazırlanmalıdır. Və, mütləqdir ki, eynək hazırlanan zaman keyfiyyətli şüşələrdən istifadə olunsun. Şüşələr adətən materialına görə iki yerə ayrılır - mineral və organik şüşələr. Bizim daim məsləhət gördüyümüz organik şüşələrdir. Çünki, mineral şüşələr organikaya nisbətən daha ağır olur ki, bu da istifadə  zamanı diskomfort yaradır və gırılmağa daha çox meyllidir. Buna görə bizim üstünlük verdiyimiz organika şüşələridir. Biz linza yox, eynək istifadəsinin tərəfdarıyıq. Çünki linzanın istifadəsi zamanı gözə daha yaxın təmasda olur və gigiyenik qaydalara riayət etmədikdə, gözə infeksiya düşə bilər. XXl  əsrdə yaşayırıq və texnologiya dövrü olduğu üçün, eynək alarkən qoruyucu şüşəsi  olanlara üstünlük verin. Hansılar ki, optik funksiya ilə  yanaşı, şualardan da qoruyur”.

Görmə qabiliyyəti ilə bağlı istənilən kiçik problemi özündə hiss etdikdə ilk olaraq peşəkar oftalmoloqa müraciət etməyiniz məsləhət görülür. Həkimə daha tez və vaxtında müraciət etmək isə görmə qabiliyyətinin daha çox bərpası ilə nəticələnə bilər.

Günay Əsgərova

 

ƏTRAFLI...