• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1926
— 20.07.2023 12:46

Hakerlər üçün süni zəka əsaslı çat-bot yaradılıb

Kimliyi bilinməyən tərtibatçı özünün süni zəka əsaslı ChatGPT analoqunu yaradıb. Yaradılmış çat-bot WormGPT adını əldə edib. Lakin ChatGPT-dən fərqli olaraq WormGPT adlı çat-bot kibercinayətkarlara yarım üçün nəzərdə tutulub. WormGPT bu ilin mart ayında ortaya çıxmışdı. Lakin onun tərtibatçısı çat-botdan istifadə imkanını məşhur haker forumlarından birində yalnız keçən ay satmağa başladı. ChatGPT və Google Bard-dan fərqli olaraq WormGPT qanunsuz fəaliyyət ilə bağlı suallara tərtib edilən cavablar məsələsində heç bir məhdudiyyətə sahib deyil. Bu faktı təsdiqləmək üçün çat-botun yaradıcısı onunla olmuş yazışmaların bir hissəsini fotolar şəklində sərgiləyib.

Sərgilənmiş fotolarda çat-bot vasitəsilə Python proqramlaşdırma dilində zərərli proqram təminatı kodunun tərtib edilməsinin və kiberhücumların təşkil edilməsində məsləhətlərin əldə edilməsinin mümkünlüyü əks olunub. Məlumata əsasən WormGPT-nin əsasında GPT-J adlı nisbətən köhnəlmiş böyük dil modeli dayanır. Sözügedən dil modeli açıq mənbəli koda sahibdir və o, 2021-ci ildə istifadəyə verilib. Bu dil modeli zərərli proqram təminatı kodları barəsində məlumatlar əsasında təlimatlandırılıb. Buna görə də WormGPT-ni ərsəyə gətirmək elə də çətin bir iş olmayıb.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SlashNext adlı şirkətin mütəxəssisləri bu çat-botu test ediblər. Mütəxəssislərin sorğularına cavab olaraq WormGPT korporativ elektron poçt ünvanına fişinq (phishing) məqsədli kiberhücumun reallaşdırılması üçün nəzərdə tutulmuş elektron məktubu tərtib edə bilib. Tərtib edilmiş məktub inandırıcı görünüb və özündə uğurlu kiberhücumun reallaşdırılması üçün nəzərdə tutulmuş ağıllı strateji həll üsullarını birləşdirib. Sözügedən çat-botun yaradıcısı ondan aylıq istifadə haqqını 60 avro qiymətində təyin edib.