• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 27.04.2023 10:36

Bayağılaşan musiqimiz: yamaq sözlər, zövqü korlayan ritmlər

KepezTV Player

Həyatdan zövq almağın, hüzura çatmağın ən gözəl yoludur musiqi. Dünya mədəniyyətinə bəxş edilmiş ən böyük kəşfdir. Köklü tarixi olan bu incəsənət növü yarandığı mühitin mədəni səviyyəsini dinləyən hər kəsə dolğun şəkildə çatdırır. Xalqlar mədəni keçmişini məhz musiqi yolu ilə bir-birinə nümayiş etdirir.

Elə bu il MDB ölkələrinin mədəniyyət paytaxtı elan edilən Rusiyanın Sankt-Peterburq şəhərində də eyni həyəcan və təşviş hökm sürürdü. Burada müxtəlif millətlərdən nümayəndələr öz milli-tarixi musiqi və rəqs bacarıqlarını göstərdilər. Ölkəmizi isə bu tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.

Ansambl xalq və bəstəkar mahnıları, eləcə də muğamlarımızdan sintez edilən musiqili proqramla çıxış edib. Tar, kamança, balaban və tütək də çıxış zamanı təqdim olunaraq dünya miqyasında milli musiqi hünərlərimiz sərgilənib.

Rövşən Məmmədov- Gəncə Dövlət Filarmoniyasının solisti: “Həqiqətən, biz fəxr edirik ki, Azərbaycanımızı, mədəniyyətimizi xarici ölkələrdə təmsil edirik. Ölkələr arasında birlik, dostluq rəmzi olaraq biz bunu nümayiş etdiririk”.

Dərin tarixi köklərə malik musiqimiz başqa millətlər içərisində həmişə özünəməxsus dəyərləri ilə seçilib. İnsanın ruhuna xoş bir nəvaziş kimi toxunan gözəl mahnılarımız mədəni irsimizlə fəxr etməyimiz üçün əsasdır.

Bəzi gənclər isə o köhnə mahnıların estetikasını qorumaq şərtilə onlara yeni çalarlar qataraq kifayət qədər uğurlu işlər gerçəkləşdirir.

Belə istedadlı gənclərin ifaları ilə müqayisə etdiyimiz zaman, təəssüflər olsun ki, hazırda ortaya qoyulan bəzi yeni mahnılar haqqında eyni fikirləri səsləndirmək olmur. Müasir dövrdə bəstələnən bir sıra musiqilər, onlara yazılan sözlər peşəkar yöndən dəyərləndirildiyi zaman görürük ki, onlara xalqımızın musiqi tarixinin davamçısı olan incəsənət nümunəsi kimi qiymət vermək mümkün deyil.

Sırf qafiyə olsun deyə yan-yana düzülən anlamsız sözlər, mahiyyətində dərinlik olmayan melodiyalar, keyfiyyətsiz ifalar günümüzdə çox rastımıza çıxır.

Svetlana Zəlimxanqızı- Gəncə şəhər 3 saylı musiqi məktəbinin direktoru: “Musiqi savadı olmayan bir gənc səsyazma studiyası açır və bu studiyaya maddi marağı olan, səsi olmayan müğənniləri dəvət edir. Bu müğənnilər də maddi marağa əsaslanaraq, mahnını ifa edir. Burada inanın ki, heç bəstəkar söhbəti də yoxdur. Onlar texnikada ritm yaradır. Bu ritmlər də nə ritmlərdir? Burada da çox maraqlı bir şeylər ortaya çıxır. Bu ya özbək, tacik, fars, ya da ərəb ritmləridir. Bunun üzərində Azərbaycan dilində 1-2 dənə bayağı söz yazırlar. Və həmin o savadsız müğənnilərə də bu mahnını satırlar. Belə deyim, kobud çıxsa da. Və nəticədə də belə işlər ortaya çıxır”.

Svetlana Zəlimxanqızı- Gəncə şəhər 3 saylı musiqi məktəbinin direktoru: “Köhnə mahnılarda olan melodizm, ifaçıda olan vokal, mədəniyyət, geyim, baxırsınız ki, o vaxtkılarla indikilərin estetikaları, etikaları tamam başqadır. Ən böyük fərq də elə bundadır. Zövqün korlanması gedir, efir mədəniyyəti acınacaqlı bir vəziyyətdədir”.

Söz, musiqi, ifa. Bu üçünün vahidliyini eyni anda bütün ruhumuzla hiss etmiriksə, dinlədiyimizi, gəlin mahnı adlandırmayaq. Könlümüz onu yüksəklərə çıxaranlardan yana olsun - hüzur bəxş edən mahnılardan!

Aysel Abbasova