• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 03.06.2022 19:01

Gəncə fransız boksundan ilk qızıl medalını qazanıb

KepezTV Player

Bakıda savat döyüş növü üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda iştirak edən gəncəli idmançı yüksək nailiyyət əldə edib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən ölkə çempionatında yeniyetmə, gənc və böyüklər bacarıqlarını göstərib. Yarışa müxtəlif bölgələrdən ümumilikdə 300-ə yaxın idmançı qatılıb. Fransız boksu da adlandırılan bu növ üzrə paytaxtdakı mübarizələrdə Gəncəni 1 döyüşçü təmsil edib. Bu 80 kq çəki dərəcəsində Sənan Babazadə olub. Əvvəllər teakvando və universal döyüş növlərində də çıxış edən Sənan polis əməkdaşı, Gəncə Şəhər Baş Polis İdarəsinin xüsusi təyinatlı bölüyünün baş çavuşudur. Böyüklər arasında döyüşlərdə gücünü sınayan Nizami yurdunun yetirməsi bütün rəqiblərinə qalib gələrək doğma şəhərinə baş mükafatla qayıdıb.

Sənan Babazadənin bu nəticəsi Gəncə idmanı adına kişilər arasında qazanılan ilk uğurdur. Babazadənin məşqçisi Beyrək Bağırov yetirməsinin yarışdan öncə yüksək nailiyyət qazanacağına inandığını ifadə edib.

Sənan Babazadə respublika çempionu olmaqla dünya çempionatına vəsiqə qazanıb. Gəncəli idmançı sentyabr ayının sonunda İtaliyanın Milan şəhərində keçiriləcək mundialda iştirak etmək imkanı əldə edib.