• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 888
— 16.03.2021 16:52

Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub

KepezTV Player

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Dövlət başçısı yeni yolların təməlini qoyub, qədim yaşayış məntəqələrimiz ziyarət edilib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: “Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”.

Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək. Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub.

"Vuruşaraq, döyüşərək düşməni doğma torpaqlarımızdan qovmuşuq"

Prezident İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva Xocavənd rayonunun Edilli, Düdükçü kəndlərində olublar.

Dövlət başçısı Hadrutda Azərbaycan bayrağını qaldırıb

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırıb.

"Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq"

Dövlət başçısı vurğulayıb ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub. Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulub

Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun da təməlini qoyub. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı  yol boyunca avtomobil körpüləri tikiləcək.

Erməni saxtakarlıqlarının ifşası

Dövlət başçısı və xanımı Tuğda Alban məbədində olublar.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur. Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq.

Azərbaycanlı alimlər Azıx mağarasında tədqiqatlar aparacaqlar

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Tuğdan sonra Azıx kəndinə səfər ediblər, qədim Azıx mağarasında olublar.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar. Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.