• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 08.03.2021 19:45

Hərbçi müharibə vaxtı aldığı məktubu şagirdə qaytardı

KepezTV Player

Vətən müharibəsi dövründə “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdin cəbhəyə yolladığı məktub özünə qayıdıb. Məktubu alan hərbçimiz həmin məktəblini taparaq onunla görüşüb.

Vətən müharibəsi iştirakçısı Məmmədtağı Kərimov döyüşlər zamanı oxuyub ruhlandığı məktubu yazan şagirdin ardınca Gəncə şəhər 25 saylı tam orta məktəbə yollanıb. Təhsil ocağında şagird-müəllim heyəti qəhrəmanı böyük sevinclə qarşılayıb. Hərbçi məktubun sahibi 3-cü sinif şagirdi Eyyub Əliyevin oxuduğu sinfə daxil olaraq ona döyüş zamanı bu məktubu göndərib dəstək olduğu üçün təşəkkürünü çatdırıb.

Eyyubun yazdığı məktub hərbçimizi nə qədər sevindiribsə, Vətən müharibəsinin iştirakçısı ilə görüş də bir o qədər müəllim və şagirdlərin ürəyincə olub. Onlar döyüşçülərimizin igidliklərindən söz açıblar, Ordumuzla qürur duyduqlarını ifadə ediblər. Vurğulanıb ki, məhz cəsur əsgərlərimiz sayəsində bu gün dədə-baba torpaqlarımız düşmən tapdağından azad olunub.

Yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından böyük əhəmiyyət daşıyan "Əsgərə məktub" layihəsi “ASAN Könüllüləri”nin təşəbbüsü ilə yaradılıb və 2016-cı il aprel döyüşlərindən bəri həyata keçirilir.