• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1018
— 05.04.2019 17:35

"Mövqeyimizdə heç bir dəyişiklik yoxdur"

KepezTV Player

“Bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur”, - deyən Prezident İlham Əliyev bir daha xatırladıb ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə bütün lazımi işləri görür.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Həm tarixi ədalət bizim tərəfimizdədir, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, iqtisadi və hərbi potensial ölkəmizi daha da gücləndirir. Biz bundan sonra da bu məsələ ilə bağlı ardıcıl siyasət aparacağıq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.

Çox ciddi iqtisadi islahatların aparıldığını deyən ölkə başçısı bu addımın maliyyə imkanlarımızı genişləndirdiyini vurğulayıb. Qeyd edib ki, bu əlavə vəsait, ilk növbədə, sosial məsələlərə yönəldilir. Aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri - bütün bunlar bunun hesabına mümkün olmuşdur. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir. Bir daha demək istəyirəm ki, biz inkişafın yeni mərhələsinə qədəm qoyduq”

Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Dövlət başçısı vurğulayıb ki, bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək və ilk növbədə vətəndaşların sosial rifahına yönələcək.