• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 08.05.2017 10:26

Pul nədir və həyatımızda hansı rola malikdir?

KepezTV Player

Rəsmi olaraq ilk kağız pul 1661-ci ildə isveçlilər tərəfindən tədavülə buraxılıb. Ancaq tarixi 17-ci əsrdən başlamayıb. Qanunla qəbul olunmasa da, çinlilər kağız puldan istifadə edən ilk millət olublar. 10-cu əsrdə bu ölkədə pullar misdən hazırlanırdı. Tacirlər üçün mis pulları bir yerdən başqa yerə aparmaq həm çətin, həm də təhlükəli idi. Onlar çarəni pulları əvəzləyən imzalı kağızlardan istifadə etməkdə tapdılar. Belə olduqda ticarət zamanı əziyyət çəkmirdilər. Çinli tacirlərin tapdıqları asan üsul qısa zamanda bütün dünyada yayıldı.

Pul olmadan qurulan imperiya

Pul meydana gəldikdən sonra dünyanın yalnız iqtisadi yox, siyasi tarixində də böyük rol oynamağa başladı. İmperiyaların qurulmasının təməlində böyük pullar dayanırdı. Pul olmadan insanlara hökmranlıq etmək çətin idi. Bu axının əksinə isə yalnız bir tayfa gedirdi – inkalılar. Cənubi Amerikada yaşayan və öz imperiyalarını quran inkalılar puldan istifadə etmirdilər. 15 yaşına çatan hər bir kişi ilin böyük bir qismini dövlətə xidmət edərək başa vururdu. Əvəzində isə ona xidmətlərinin qarşılığında geyim, qida, ev verilirdi. Ölkəyə xidmət edən insanların tələbatları bu şəkildə ödənildiyindən puldan istifadə etməyə gərək qalmırdı.

100 trilyonluq pul

İnflyasiya demək olar əksər ölkələrdə baş verir. Lakin çətin ki, hansısa bir dövlətdə pul Zimbabvedə olduğu dərəcədə dəyərdən düşə. Daxili münaqişələr, siyasi çaxnaşmalar, yanlış iqtisadi addımlar 2008-ci ildə Zimbabve dollarını tamamilə dəyərdən saldı. O vaxt 300 milyard Zimbabve dollarına cəmi 1 çörək almaq olurdu. Hökumət çarəni 100 trilyon dollar dəyərində yeni banknot hazırlamaqda gördü. Amma bu da problemi həll edə bilmədi. Hiperinfilyasiya daha da sürətləndi. Nəticədə Zimbabve hökuməti milli valyutadan imtina etdi. Əvəzində isə xarici ölkələrdən gələn pullardan yararlanmağa başladı. Dövlət rəsmiləri iqtisadiyyat inkişaf edəcəyi təqdirdə Zimbabve dollarına qayıdacaqlarını söyləyiblər.

Siçovullar tərəfindən yeyilən 1 milyard dollar

Kolumbiyalı narkobaron Pablo Eskobar həm də milyarder idi. Deyilənə görə, onun bir günlük gəliri 500 milyon dollar təşkil edirdi. Qardaşının sözlərinə görə, 100 dollarlıq banknotları bağlamaq üçün təkcə plastik bantlara hər ay 1000 dollar xərclənirmiş. Anbarda saxlanılan pulların sayını unutduqlarından, 1 milyon dollara yaxın əskinasın siçovullar tərəfindən yeyildiyindən aylar sonra xəbər tutublar.

Dollar

İnsanların ətrafında pərvanə olduğu pullar arasında ən məşhuru dollardır. Dollar dünyanın ən stabil və ən geniş yayılmış valyutasıdır. 100 dollar hazırda ABŞ-da buraxılan ən böyük nominallı banknotdur. Əvvəllər isə 500, 1000, 5000 və 10 000 dollarlıq banknotlar da dövriyyədə idi. Dollar banknotlarının əksəriyyətində Amerika prezidentlərinin – Corc Vaşinqton, Avraam Linkoln, Endryu Ceksonun rəsmləri təsvir olunub.

Manat

1992-ci il avqustun 15-də Azərbaycanın milli valyutası — Azərbaycan manatı dövriyyəyə buraxılıb. Əvvəlcə 1, 5, 10 manatlıq əsginazlar və müxtəlif sikkələr tədavülə çıxıb. 1992-ci ildə ilk olaraq 1, 10 və 250 manatlıq, 1993-cü ildə 1, 5, 10, 50, 100, 500, 1000 manatlıq, 1994-cü ildə 10 000 manatlıq, 1995-ci ildə isə 50 000 manatlıq əsginazlar dövriyyəyə buraxılıb. 2001-ci ildə 1 000 manatlıq əsginaz yeni dizaynda çap edilib. Hazırda istifadə olunan banknotlar 1,5,10,20,50 və 100 manat dəyərindədir. Manat avro və Suriya funt sterlinqini dizayn edən Robert Kalina tərəfindən hazılanıb. Əskinazların dizaynında milli ornametlərə xüsusi yer verilib.