• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 19.06.2024 16:25

Tədris ili başa çatsa da, kirayə mənzillər ucuzlaşmır

KepezTV Player

Dərs ilinin yekunlaşması Gəncədə tədris müddətini kirayə qalmaqla keçirən tələbələrin evləri təhvil verməsi ilə nəticələnir ki, bu da mənzil bazarında müəyyən durğunluq yaradır. Amma bu amil müştəri sarıdan əlçatanlığı təmin etsə də, qiymət baxımından bunu demək mümkün deyil. Yəni kirayə ev və mənzillərin qiymətində düşmə yoxdur. Bunun da müəyyən səbəbləri var.

Universitet və kolleclərdə tədris ili yekunlaşdıqca kirayə mənzillərdə qalan tələbələr evləri təhvil verməyə başlayırlar. Belə odluqda isə mənzil bazarında durğunluq yaşanır. Bu halın qiymətlərə necə təsir etməsini araşdırırıq.

Fərhad Əhmədov- rieltor: “Kirayə bazarında bu dəqiqə durğunluqdur. Əlimizdə 1, 2, 3 otaqlı evlər var, həyət evləri var, onlar əlimzidədir, müştərisi yoxdur. Kirayəni götürən əsas tələbə kütləsidir. Onlar da gedir. Ona görə evlər bir ucdan boşalır. Evin təmirindən, yerindən asılı olaraq 1 otaqlı evlər 200-300 manat arasıdır, 2 otaqlılar 250-350 manat, 3-4 otaqlı evlər 400-500 manat. Həyət evləri də eyni şəkildə”.

Rieltorlar deyir ki, tələbat azalsa da, qiymətlərdə enmə yoxdur. Yerləşdiyi yerdən asılı olaraq ya stabil qalır, ya da yüksəlir. Bundan başqa əvvəlki illərdə olduğu kimi tələbələrin əksəriyyəti kirayələdiyi evləri yay aylarında təhvil vermirlər.

Qalib Quliyev- rieltor: “Kirayələrin qiyməti ötən ildən bu yana heç olmasa 40-50 faizə kimi artıb. Düzdür tələbələr gedib, amma bir hissəsi. Bir hissəsi də qalıb, Gəncədə özlərinə iş tapıb işləyirlər. Yəni evləri çox elə kütləvi şəkildə boşaltmırlar”.

Rieltorların fikrində sentyabr ayında vəziyyətin daha da çətin olacağı gözlənilir. Həm qiymət bahalaşacaq, həm də tələbat artacaq.

Fərhad Əhmədov- rieltor: “Qiymətlər hələlik stabildir. Yəqin ki, sentyabr, oktyabr ayında qiymətlərdə artım olacaq”.

Qalib Quliyev- rieltor: “Qiymət yüz faiz artacaq. O da tələbələrin kütləvi şəkildə gəlməsi ilə bağldır. İmtahanların nəticələrindən sonra aydın məsələdir ki, artım olacaq. Enmə yoxdur”.

Mənzillərin həm kirayə, həm satış qiymətlərində olan artım şəhərin bütün zonalarında müşahidə edilir. İndi şəhərin mərkəzdənkənar sayılan bəzi ərazilərində 250 manatdan aşağı qiymətə ev tapmaq müşkülə çevrilib.

Aişə Rzayeva