• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 24.05.2024 18:39

Gənc güləşçi Avropa çempionluğuna iddialıdır

KepezTV Player

Ölkəmiz bir neçə gündür ki, bu mötəbər yarışa ev sahibliyi edir. Qitə birinciliyində millimizin heyətində Gəncə güləş məktəbinin yetirməsi Nurəddin Novruzov da yer alıb. O da qələbə ilə bağlı iddialıdır. 

Yarışa hazırlıqlarını ayrı-ayrı yerlərdə keçirən gənc güləşçi yığmamızı 61 kq çəki dərəcəsində təmsil edəcək. Hazırda Bakıda güləş mərkəzidə məşqlərini davam etdirən Nurəddin Novruzov çəkisində çempionluğa ən real namizədlərdəndir. 21 yaşlı idmançı özü iddialı olduğunu müsahibəsində ifadə edərək güləşsevərləri sevindirmək niyyətindədir.

Nurəddin Novruzov- milli komandanın üzvü: “Bu yarışa çox ciddi hazırlaşmışıq. Birinci, Qubada fiziki məşqlər keçdik. Amerikalı mütəxəssislər gəlmişdi, onlarla birlikdə hazırlaşdıq. İndi isə Bakıda döşək məşqlərində yaxşı hazırlaşdıq. Yarışa az qalıb. Məqsədim çempionluqdur. Azərbaycan xalqını, gəncəliləri sevindirmək üçün əlimdən gələni edəcəm”.

Nurəddin Novruzov bu ilin əvvəlində böyüklərdən ibarət milli komandaya cəlb olunub. Nizami yurdunun yetirməsi yığmanın tərkibində fevralda Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala yiyələnib. Bu uğuru onun paytaxtdakı 23 yaşadək güləşçilərin qitə birinciliyində yaxşı nəticə göstərəcəyinə böyük inam yaradıb.

Abil İbrahimov- Nurəddin Novruzovun şəxsi məşqçisi: “Nurəddinin axırıncı nəticələrinə görə belə qənaətə gəlmək olar ki, o, bu yarışda qızıl medal qazanan idmançılardan biri ola bilər. Nurəddinin özü də çox iddialıdır. Yığma komandanın məşqçiləri də ondan ancaq qızıl medal gözləyirlər. Ümidvaram ki, ümidlərimizi doğruldar”.

Sərbəst növdə güləşən gənc güləşçi Bakı İdman Sarayında təşkil edilən yarışa sabah qoşulacaq. ¼ finaldan mübarizə başlayan Nurəddinin ilk rəqibi Almaniya idmançısı olacaq.

Orxan Cəfərzadə