• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 21.05.2024 19:52

Elektrik enerjisinə dayanıqlı qənaət

KepezTV Player

Azərbaycanda qlobal iqlim dəyişikliyi ilə mübarizədə son illər bir çox tədbirlər görülür və ölkəmiz öz üzərinə bu istiqamətdə vacib öhdəliklər götürüb. Ayrı-ayrı ərazilərdə yerləşən böyük şəhərlər də dayanıqlı enerji üzrə beynəlxalq platformalara qoşularaq qlobal əhəmiyyət daşıyan problemlərə töhfəsini verir. Gəncə də bu sıradadır. Cavadxan yurdunda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı tərəfindən dəstəklənən “İqlim və Enerji üzrə Merlər Razılaşması” təşəbüsü çərçivəsində müzakirə və seminar reallaşıb.

Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli və əcnəbi ekpertlər, əksər dövlət qurumlarının, o cümlədən elmi institutların nümayəndələri iştirak edib. “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı” ilə əlaqədar müzakirələrin aparıldığı tədbirdə mütəxəssislər tərəfindən enerji səmərəliliyi haqda fikirlər səsləndirilib. Kənar təsirlərin yumşaldılması məsələlərinə toxunulub, müxtəlif istixana qazlarının azaldılması, enerji səmərəliliyinin artırılmasına diqqət çəkilib. Eyni zamanda iqlim dəyişilməsinə uyğunlaşma tədbirləri barədə danışılıb. Fəaliyyət planı qəbul olunacağı təqdirdə payızdan icrasına başlanılacaq.

Bilyana Çobanova- dayanıqlı enerji üzrə ekspert: “Gəncə şəhəri dünyada iqlim dəyişlikliyi ilə mübarizə aparan ən böyük qlobal şəbəkəyə qoşulub. Bu şəbəkə “Qlobal Merlər Razılaşması” adlanır. Burada dünya üzrə 13 mindən çox şəhər təmsil olunur və Gəncə də onların sırasındadır. Gəncə, qarşısına çox iddialı bir hədəf qoyub. Bu 2030-cu ilə qədər istixana qazlarının emisiyalarını 30 faiz azaltmaqdan ibarətdir. Ona görə müvafiq tədbirlər planlaşdırılır. Dayanıqlı enerji üzrə fəaliyyət planı artıq hazırdır. Bu şəhər səviyyəsində təsdiqlənməlidir və sonra onun icrasına başlanılacaq”.

Proqramın Gəncə üçün önəmi ondan ibarətdir ki, gələcəkdə müvafiq tədbirlərin icra edilməsi ilə enerji səmərəliyinə nail oluna bilər. Bu isə şəhərdəki yaşayış və inzibati binaların enerji təminatının dayanıqlığını təmin etmiş olacaq.

Nərgiz Bağırlı- Energetika Nazirliyinin şöbə müdiri: “Ekspertlər də araşdırma aparıblar ki, burada enerjiyə ən böyük qənaət potensialı binalardadır. Məsələn, binalarda enerjiyə necə qənaət etmək olar? Müxtəlif renovasiya, bərpa layihələri həyata keçirməklə. Binalarda izolyasiya tədbirləri, xarici divarlarda, dam örtüyündə, döşəmədə işlər görsək biz enerji qənaətinə nail ola bilərik. Bu, həm binanın istifadəçiləri üçün, əgər inzibati binadırsa, həmin binada yerləşən hansısa qurum üçün enerji xərclərinin azaldırmasıdır, yaşayış binalarında isə sakinlər üçün xərclərin azaldılmasıdır”.

Ölkəmizdə Nizami bələdiyyəsi ilə yanaşı daha 7 şəhərin bələdiyyəsi “Qlobal Merlər Razılaşması”nın üzvüdür. Şəki və Xırdalanın da bu şəbəkəyə qoşulması üçün müzakirələr aparılıb.

Orxan Cəfərzadə