• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 17.05.2024 20:06

"Milli" statuslu Gəncə teatrı

KepezTV Player

"Milli statuslu" Gəncə teatrı. Nizami yurdunun dram teatrı qocaman mədəniyyət məbədi olaraq ənənələrini müasir çağırışlara uyğun yaşatmaqda davam edir. Teatrda baş tutan tədbirdə Nazirlər Kabinetinin qərarı kollektiv tərəfindən sevinclə qarşılanıb.

“Milli” status alan Gəncə Dövlət Dram Teatrı uzun illərdir özünəməxsus sənət ənənələrini yaşadan sənət ocağı olaraq bu ada layiq görülüb. Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə, məhz teatrın dolğun repertuarı sayəsində tanış olmaq imkanı əldə edirlər.

Anar Ərtoğrul Burcəliyev- GDMDT-nın ədəbi hissə müdiri: “Bu teatr 1920-ci ilin may ayının 18-i tarixində Bakıda ilk dəfə olaraq Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə dövlət statusu almışdır və 1932-ci ilin dekabr ayında teatr öz yaradıcı heyəti ilə birlikdə Gəncəyə köçürülmüşdür və 104-il bir müddət keçdikdən sonra eyni ayda -2024-cü ilin may ayında bu teatra “Milli” statusu verildi. Əlbəttə, çox sevinirik, çox sevindirici haldır ki, bu teatrda fəaliyyət göstəririk və bu teatr ənənələrini qoruyub saxlayırıq”.

Müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyən teatr zəngin inkişaf yolu keçib. Ötən dövr ərzində nailiyyətlər qazanan teatr xalqın ədəbi sərvətinə çevrilib və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutub. Yaradıcı kollektivə "Milli" statusun verilməsi qazanılan uğurların nəticəsidir.

Pərvanə Qurbanova- Xalq artisti: “129 illik tarixə malik teatr... Özünün öz adət-ənənəsi, özünün zəngin tarixi olan bir teatrın dəyəri bu gün verildi. O dəyər tək teatrın üzərinə qoyulmadı. O teatrda işləyən, əziyyət çəkən fədailər var ki, yaradıcı qrup var, onların hər birinin üstünə dəyər qoyuldu və bununla bahəm o qədər böyük bir məsuliyyət qoyuldu ki, və biz bu adı doğrultmalıyıq, bizə göstərilən bu etimatı doğrultmalıyıq. Əlbəttə ki, öz işimizlə, sənətimizlə, səhnədə göstərdiyimiz tamaşalarımızla biz bu etimadı doğrultmalıyıq”.

Teatrın “Milli” olması kollektivin fəaliyyətinə yaradıcılıq üçün böyük stimul olmaqla yanaşı, orada çalışan insanların maddi rifahının yaxşılaşmasına da təkan verəcək. Maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işləri davam etdirməyə əsas yaradacaq.

Elşad Əhmədov- GDMDT-nın baş rejissoru: “Bu statusun məhz Gəncə Dövlət Dram Teatrına verilməsi teatrın məsuliyyətinin birə-beş artırılmasına şərait yaratdı ki, Gəncə Dövlət Milli Dram Teatrının kollektivi bundan sonrakı planlarını daha da məsuliyyətlə - o statusun adına layiq şəkildə davam etdirəcəkdir. Bizim teatr olaraq qarşıda planlarımız daha çoxdur. Kollektiv olaraq çalışacağıq ki, Milli Teatr statusunun adını layiqincə ödəyək”.

Milli Dram Teatrının tamaşaları cəmiyyətdə yüksək mənəvi keyfiyyətlərin təlqin olunması və estetik zövqün formalaşdırılmasında, xüsusən, gənc nəslin vətənpərvərlik və əxlaqi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rolu oynayır. Teatr beynəlxalq festivallarda ölkəmizin mədəni təbliğində də yaxından iştirak edir.

Pərvin Abbaszadə