• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 17.05.2024 19:54

Köhnə nəqliyyat vasitələri istifadədən çıxarılır?

KepezTV Player

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin istifadəsi məhdudlaşdırıla bilər. Bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində öz əksini tapıb. Bəs burada hansı parametrlər nəzərə alınacaq və qərar nə vaxt qüvvəyə minəcək?

Ölkəmizdə köhnə nəqliyyat vasitələrinin istifadəsi azaldıla bilər. İstismarı ekoloji cəhətdən zərərli sayılan avtomobillərin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanır.

Elməddin Muradlı- nəqliyyat eksperti: “Köhnə nəqliyyat vasitələrinin istismardan yığışdırılması yol hərəkəti təhlükəsizliyi baxımından vacibdir. Eyni zamanda nəzər almaq lazımdır ki, ətraf mühitin qorunması ilə bağlı da köhnə nəqliyyat vasitələrinin yığışdırılması çox böyük önəm daşıyır. Bir çox ölkələrdə artıq bu təcrübələr yoxlanılıb və müsbət nəticələr əldə olunub”.

Bu təklifin müsbət tərəfləri çox olsa da sürücülər üçün ürəkaçan deyil. Çünki köhnə avtomobili eynisi ilə əvəzləmək əlavə xərc tələb edir.

Polad Əhmədov- sürücü: “Gərək camaata dəstək olalar. İmkanı olan var, olmayan var. Bu dəqiqə Gəncədə əksəriyyət sovet maşını sürür. İndi elə heç kim çatdıra bilməz. Kömək, dəstək, güzəştlər olsa, eləmək olar”.

Vasif Nəsirov- sürücü: “1996-cı ilin maşınıdır. Gücümüz buna çatıb, bunu almışıq. Yeni maşın almağa da büdcə yoxdur. Əgər dəstək olunsa, bəlkə 50 faiz inanmaq olar ki, maşınları dəyişək”. 

Sürücü: “Bu maşını bu dəqiqə yuduzdurum, rəngi düzələcək. Nə olub bu maşına?! 2006-nın maşınıdır. Getsin o təzə maşını da gətirsin, bu maşına da baxsın. Görək o yaxşıdır, yoxsa bu?”

Ekspert Elməddin Muradlı da vətəndaşların bu sahədə maraqlı olmasının stimullaşdırmadan keçdiyini qeyd edir.

Elməddin Muradlı- nəqliyyat eksperti: “Yeni avtomobil almaq üçün deyək ki, gələcəkdə vətəndaşlara gömrükdən hansısa bir formada güzəşt təklif etmək olar ki, öz köhnə avtomobilini versin və gedib yeni avtomobil gətirəndə ona birdəfəlik güzəşt verilir. Belə stimullaşdırıcı addımlar atılarsa, vətəndaş maraqlı olacaq ki, öz maşınını təhvil versin və yeni bir avtomobilə sahib olsun. Və o zaman ətraf mühit məsələsi və digər məsələlər onun diqqətində, marağında və həvəsində olacaq. Yoxsa bugünkü halda kimə desən ətraf mühit, deyir mənim dolanışığım, mənim burada çıxarım nədir?”

Köhnə nəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılmasının əsas məqsədlərdən biri həm də ekosistemin yaxşılaşdırılmasıdır. Çünki ənənəvi nəqliyyat vasitələri atmosferə çox karbon qazı buraxır.

Elşad Məmmədov- ekoloq: “Atmosfer havasının çirklənməsində avtomobil nəqliyyatı, ümumiyyətlə, nəqliyyat vasitələri çox əhəmiyyətli rol oynayır. Atmosfer havasının çirklənməsinin 80 faizi nəqliyyat vasitələrinin payına düşür. Köhnəlmiş avtomobillərlə bağlı isə onu demək olar ki, onlar keyfiyyətsiz yanacaqla işləyir, eyni zamanda bu avtomobillərdə katalizator yoxdur. Bu da ümumiyyətlə ətraf mühitə mənfi təsir göstərir”.

Bununla belə Daxili İşlər Nazirliyinin əməkdaşları da ətraf mühitin çirklənməsinə qarşı müvafiq tədbirlər həyata keçirirlər. Şəhər ərazisində keçirilən reydlər avtomobillərin xaric etdiyi qazların atmosferə təsirlərini azaltmağa yönəlib.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Bu zaman xüsusi cihaz vasitəsilə avtomobillərin mühərriklərindən ixrac olunan qazların standartlara cavab verib-verməməsi yoxlanılır, əgər həmin standartlara cavab vermirsə avtomobil sahibi ilə bu barədə bir daha prafilaktiki söhbət aparılır və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunur. Adətən bu tip yoxlanışlarda müəyyən qədər istehsal ili köhnəlmiş avtomobillərdə rast gəlinir ki, onlar normadan artıq ixrac qazları buraxır”.

Məlumata görə, yeni layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə və Dövlət Gömrük Komitəsinə təqdim ediləcək.

Aişə Rzayeva