Mikrobioloqlar geniş şəkildə yayılmış bəzi plastik növlərini həzm edə bilən bir neçə bakteriya ştamını müəyyən ediblər. Mütəxəssislər müəyyən edilmiş bakteriyaları yeni növ qablaşdırma materialının hazırlanmasında istifadə etməyi qərara alıblar və nəticə onları yaxşı mənada təəccübləndirib. Plastikin yaradılmasında polimerlərdən (bir-biriləri ilə əlaqəli olan eyni strukturlu uzun molekul zəncirləri) istifadə edilir. Polimerlərin isə kimyəvi yol ilə parçalanması böyük enerji sərfiyyatını tələb edir. Buna alternativ qismində mütəxəssislər polimerlərin kimyəvi əlaqələrini xüsusi ferment sayəsində parçalamağa qadir olan bakteriyalara müraciət ediblər.
Bakteriyaların bu prosesə vaxtından əvvəl start verməmələri üçün mütəxəssislər Bacillus subtilis adlı bakteriya növünü spor şəklində termoplastik poliuretana yerləşdiriblər. Qeyd etmək lazımdır ki, termoplastik poliuretan ən geniş yayılmış plastik materiallardan biridir. Beləliklə mütəxəssislərin istifadə etmiş olduqları bu üsul bakteriyaların, plastik materialın yalnız təkrar emalı zamanı aktivləşmələrinə imkan verir. Bacillus subtilis adlı bakteriya növünün əsas özəlliyi ondan ibarətdir ki, o, insanın termoplastik poliuretan tərkibli məhsuldan istifadə etdiyi müddətcə yatmış şəkildə olur. Məhsulun təkrar emalı zamanı isə bu bakteriya yuxudan oyanır və polimerlərin parçalanması prosesinə start verir.
Daha öncə güman edilirdi ki, plastikdə bioloji materialın istifadəsi plastik materialın dözümlülük özəlliklərini zəiflədəcək. Lakin mütəxəssislər əks effektə nail olublar. Məlum olub ki, tərkibində bakteriya sporunu birləşdirən plastik material digər analoqlardan daha dözümlüdür. Bu isə bakteriyaların su keçirməyən səthləri ilə bağlıdır. Belə ki, onların səthləri polimer birləşmələri ilə qarşılıqlı əlaqədə olurlar və həmin birləşmələri daha da bərkidirlər. Plastik materialın, bakteriyaların istifadəsi ilə yeni istehsalat növünün nə zaman kütləvi şəkildə tətbiq ediləcəyi barəsində bir məlumat verilməyib.
- Baxış: 485