Gəncədə Respublika Voleybol turniri təşkil edilib. İdman Sarayında reallaşan yarış yeni istifadəyə verilən qurğuda keçirilən ilk idman tədbiri olub.
Yarışın açılış mərasimdə İdman Sarayında birinci dəfə baş tutan təbdirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etməsinin xoş hal olduğu qeyd olunub. Son illər ölkənin regionlarında voleybol idman növünün inkişafına xüsusi diqqət yetirildiyini deyən çıxışçılar, Gəncədə belə yarışların keçirilməsinin idmançıların gələcək karyeraları üçün önəm daşıdığını söyləyiblər. Rəsmi hissənin ardından milli rəqs qrupları səhnədə yer alıblar, solistlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Nağara ansamblı ritmik çıxışı ilə tədbirə rəng qatıb. Açılış mərasimindən sonra ilk oyun keçirilib. Yarışda yeniyetmə oğlanlardan ibarət 4 komanda mübarizə aparıb. Federasiya tərəfindən regionlarda təsis edilən Gəncə, Tovuz, Hacıqabul və Oğuz kollektivləri qüvvəsini sınayıb. Birinci görüşdə Gəncə və Hacıqabul komandaları üz-üzə gəliblər.
İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Ulu Öndərin xatirəsinə hərs olunmuş müxtəlif silsilə tədbirlər keçirilir. Bu gün də möhtəşəm sarayda ilk yarışdır ki, voleybol növü üzrə Ulu Öndərin 101 illik yubileyinə həsr olunun turnirdir. Bu sarayda gələcəkdə daha möhtəşəm beynəlxalq turnirlərin keçirilməsinə ev sahibliyi etməyi düşünürük”.
Faiq Orucov- AVF-nin baş katibi: “Əminik ki, bu idman sarayı Gəncə və ətraf ərazilərdə nəinki voleybol, bütün idman növlərinin inkişafına təkan verəcək. Gəncə şəhərində artıq ötən ildən yüksək liqada çıxış edən Gəncə voleybol klubu yaradılıb. Bununla birlikdə Gəncə və Tovuz regional voleybol klubları da vardır ki, bütün bu komandalar bu zaldan faydalanacaqlar, gənclər bu zalda yetişəcəklər. Əminik ki, voleybolla birlikdə digər növlərdə də gələcək olimpiya, dünya və Avropa çempionları bu zallarda formalaşacaq”.
Gəncənin regionda mərkəz rolunu oynadığını və İdman Sarayının geniş imkanlara malik olduğunu nəzərə alsaq, bunun üçün qurğunun bir sıra yerli və beynəlxalq yarışlara ev sahibliyi edəcəyi şübhəsizdir.
Faiq Orucov- AVF-nin baş katibi: “Belə bir hədəfimiz var ki, yüksək liqanın pley-off mərhələsinin oyunlarını regionlarda keçirək. Qarşıdakı illərdə bunu elə məhz Gəncə İdman Sarayının hesabına təmin etmiş ola bilərik. Növbəti il MDB oyunları var. O yarışda voleybol və digər növlər olacaq. Orada bölgü federasiya tərəfindən aparılmır. Ancaq sevinərik ki, bizim oyunlarımız Gəncə İdman Sarayında olsun”.
Turnirin final oyununda Oğuz və Hacıqabul komandaları qarşılaşıblar. Görüşdə Oğuz qələbə qazanaraq turniri ilk pillədə tamamlayıb. Yekunda mükafatçı komandalar diplom, medal, qalib kollektiv isə kubokla təltif edilib. Həmçinin qalib komanda 5000, 2-ci pillədə qərarlaşan komanda 3000, 3 və 4-cü yerin sahibləri isə 1500 manat pulla mükafatlandırılıblar. Turnir konsert proqramı ilə başa çatıb.
Orxan Cəfərzadə
- Baxış: 444