• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 07.05.2024 19:59

Bakı-Bratislava əməkdaşlığında yeni mərhələ

KepezTV Player

"Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulmasını Slovakiya şirkəti icra edəcək. Bu barədə Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında məlumat verib. Azərbaycanın hazırda 8 ölkəyə təbii qaz ixrac etdiyini deyən dövlət başçısı Slovakiyanın 9-cu olacağına ümid etdiyini bildirib. Slovakiya baş naziri də ölkəsinin Azərbaycanla Avropa arasında körpü qurmaqda hazır olduğunu açıqlayıb.

23 noyabr 1993-cü ildə əsası qoyulmuş Azərbaycan-Slovakiya münasibətləri bu gün strateji münasibətlər sistemi kontekstində izah edilir. Rəsmi Bakı ilə Bratislava arasındakı əməkdaşlığın əhəmiyyəti özünü azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyəti timsalında daha qabarıq şəkildə göstərəcək. Yaxın perspektivdə Ağdamın Qərvənd kəndinin yenidən qurulmasını Slovakiya şirkəti həyata keçirəcək. Bunu Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında bildirdi. Bundan başqa, işğaldan azad edilmiş torpaqlarda müştərək layihələrin icrası da nəzərdə tutulub.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bu, təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislərin görəcəyi işlər oraya qayıdacaq insanları sevindirəcək”.

Mətbuat konfransında iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara artıq start verildiyi açıqlanıb. Danışıqların əsas predmetlərindən biri Azərbaycan təbii qazının Avropa məkanına etibarlı yollarla nəqli olub. Prezident İlham Əliyev Azərbaycanın hazırda 8 ölkəyə öz təbii qazını ixrac etdiyini vurğulayıb. 9-cu ölkənin Slovakiya olacağına inam ifadə olunub.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”.

Rusiya-Ukrayna müharibəsi səbəbindən nəqliyyat infrastrukturunun istifadəsi mürəkkəbləşən Slovakiyada Azərbaycan qazının idxalı aktual məsələlərdəndir. Bu məqsədlə Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə yerli qazın Ukrayna ərazisindən idxal edilməsi layihəsi gündəmə gəlir.

Robert Fitso- Slovakiyanın Baş naziri: “Söhbət 20 milyard kubmetrlik həcmdən gedirsə, bu, hamı üçün maraqlı olmalıdır. Əlbəttə, mən hesab etmirəm ki, Azərbaycan xeyriyyəçiliklə məşğuldur. Biz, sadəcə olaraq, ədalətli qiymətlərə ümid edirik və sizin maraqlarınıza hörmətlə yanaşırıq. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yüksək qiymətləndirirəm”.

Slovakiyanın Baş naziri Robert Fitso həmçinin Qarabağdakı təşəbüsslərini dəstəklədiklərinə görə dövlət başçısına təşəkkürünü bildirib və imkan düşən kimi işğaldan azad edilən ərazilərə səfər edəcəyini deyib.  

Azad Mustafayev