“Kəpəz” mövsümün əvvəlində qarşısına qoyduğu məqsədə nail olub. Gəncə təmsilçisi Premyer Liqada qalmaq uğrunda gərgin mübarizədən qalib ayrılıb. Amma sarı-göylər dayanmaq istəmirlər. Komanda çempionatın sonuna qədər minimum daha bir pillə irəliləməyi hədəfləyib.
Nizami yurdunun təmsilçisi elitada qalmağını 32-ci turda “Qəbələ” ilə səfərdə keçirdiyi görüşdə rəsmiləşdirib. Sonuncu sıradakı rəqibini minimal hesabla məğlub edən gəncəlilər ötən ildən fərqli bunu 4 tur öncədən bacarıblar. Keçən il isə mövsümün başa çatmasına 2 oyun qalmış komanda çempionatda qalmağı dəqiqləşdirmişdi. Cari çempionatda "Kəpəz" sonuncu sıradakı rəqibini 17 xal qabaqlamaqla həm də böyük fərq yaradıb. Dağlıların çıxışını dəyərləndirən klubun İdarə Heyətinin üzvü, millət vəkili Müşfiq Cəfərov gələcək mövsüm komandanın daha üst pillələr üçün mübarizə aparacağına inandığını deyib.
Müşfiq Cəfərov- millət vəkili: “Premyer liqada öz mövqeyini qoruyub saxlaması və növbəti premyer liqada iştirakı inanıram ki, “Kəpəz” üçün yeni imkanlar yaradacaq. Xüsusilə də sponsor baxımından. İnanıram ki, bu, öz həllini tapacaq və “Kəpəz” növbəti liqada daha yuxarı pillələr uğrunda mübarizə aparacaq, qələbələ qazanaraq gəncəli futbolsevərləri sevindirəcəkdir”.
Əsas hədəfinə çatan komanda bununla kifayətlənmək niyyətində deyil. Həm məşqçilər, həm də oyunçuların növbəti məqsədi turnir cədvəlində daha yaxşı pillədə yer almaqdır. Bunun üçün “Kəpəz” növbəti turda rəqibi olan "Sumqayıt"la oyuna, eləcə də digər qarşılaşmalarda uğurlu nəticəyə köklənib.
Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Dəyərdim ki, bundan sonra işimiz daha çətindir, daha məsuliyyətli olmalıyıq və daha böyük işlər üçün hazırlaşmalıyıq. Bunun üçün də komanda kimi daha güclü olmalıyıq, daha formalaşmalıyıq. O yöndə artıq işlərimizi aparırıq. Biz ilk mərhələni bitirdik, bundan sonrakı mərhələdə biz daha yüksək pilləyə qalxmaq istəyirik ki, bunun üçün də şansımız var. Onun üçün mübarizə aparacağıq və gücümüzün hamısını səfərbər edib, ancaq bu istiqamətdə futbolçularla da danışıb işimizi quracağıq”.
Amil Yunanov- “Kəpəz”in oyunçusu: “Əsas hədəfimiz komandanı kollektiv olaraq premyer liqada saxlamaq idi. Şükür ki, bu hədəfimizə çatdıq. Növbəti hədəfimiz də son 4 oyunu yaxşı səviyyədə keçirib, maksimum bacardığımız qədər yuxarı pillələrə qalxmaqdır. “Sumqayıt” çox yaxşı komandadır. İkinci pillədə qərarlaşır. Axırıncı dəfə səfərdə qalib gəlmişik. Son oyunlarında da “Qarabağ”ı məğlub ediblər. Həvəslidirlər, avroliqaya oynayırlar. Biz də Tovuzda oynayırıq. Əlimizdən gələni edib qalib gələcəyik”.
“Kəpəz” 33-cu tur çərçivəsində "Sumqayıt"ı Tovuzda ev sahibi qismində qəbul edəcək. Mayın 4-də keçiriləcək görüş saat 16:30-da başlayacaq.
Orxan Cəfərzadə
- Baxış: 345