• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 01.05.2024 20:07

Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu ölkələrin dini liderləri arasında əməkdaşlığın həyata keçirilməsinin önəmini qeyd edib. Dövlət başçısı qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfərinin önəminə toxunaraq bu səfərin orada gedən proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirib. Prezident həmin ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində yeni məscidlərin inşa edildiyini, dağıdılanların isə bərpa olunduğunu deyib.

Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib. Söhbət zamanı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, müxtəlif mədəniyyətlər və dinlərarası əlaqələrin qurulmasında bu tədbirin rolu qeyd edilib.

Prezident İlham Əliyevin Rusiyanın Baş ravvini Berl Lazar ilə görüşündə də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfə verəcəyi bildirilib. Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışılıb, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirib. Dövlət başçısı Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Zuhair Əlhartini qəbul edərkən Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyini qeyd edib. Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini deyib. İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırıb. 

Azərbaycan Prezident İlham Əliyev İraq Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Azərbaycanla İraq arasında əlaqələrin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı  torpaqlarımız erməni işğalı altında olan dövrdə İraqın hər zaman ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərdiyini qeyd edib. İraq Parlamentinin sədri Azərbaycan Prezidentini tezliklə İraqda görməkdən məmnun olacaqlarını deyib. Dövlət başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirib.

Azərbaycan Prezidenti BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi də qəbul edib. Bu tədbirdə bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi Foruma dünya səviyyəsində marağın göstəricisi kimi qiymətləndirilib. Söhbət zamanı COP29-un Azərbaycanda keçirilməsi və bununla bağlı ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Azad Mustafayev