• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 01.05.2024 20:00

Beynəlxalq reqatada iştirakçı ölkələrin sayı artıb

KepezTV Player

Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edir. Artıq ənənə halını alan avarçəkmə üzrə “Prezident Kuboku” beynəlxalq reqatası başlayıb. Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan builki yarışda iştirakçı ölkələrin sayı bu dəfə daha çox olub. İşğaldan azad olunan Suqovuşan qəsəbəsinə reqatanın açılış mərasimi və ilk yarışları işıqlandırmaq üçün xüsusi müxbirimiz Orxan Cəfərzadə ezam olunub.

İkinci ildir ki, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilən turnirin açılış mərasimində Suqovuşanın önəmindən danışan rəsmilər əsarətdən xilas olan ərazilərimizdə ilk yarışın da məhz burada keçirilməsinin tarixi əhəmiyyətinin olduğunu diqqətə çatdırıblar. Eyni zamanda qeyd olunub ki, bu idman növündə son illər görülən işlər sayəsində ölkəmizdə avarçəkmə populyarlaşıb və digər dövlətlər Azərbaycanda keçirilən beynəlxalq yarışlara böyük maraq göstərirlər.

Rəsmi hissə başa çatdıqdan sonra iştirakçı ölkələrin paradı və su üzərində nümunəvi çıxışlar olub.

Fərhad Əliyev- Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi: “Hər dəfə biz buraya çox idmançı yox, daha çox nəticə göstərən idmançı gətiririk. Hər prezident kubokundan əvvəl biz yarış keçiririk ki, oradan seçim edək və seçimə uyğun bizim burada idmançılarımız təmsil olunur. İnanırıq ki, nəticə də göstərə biləcəklər. Yarışları Füzulidə də keçirməyi planlaşdırırıq. Amma hələ orada su hövzəsinə baxış keçirməliyik. Mütəxəssisimiz gəlib, gedib onunla da baxış keçirəcəyik. Bizə beynəlxalq mütəxəssisin rəyi lazımdır. Rəydən sonra biz artıq orada da yarış keçirə biləcəyik”.

Prezident kubokunda avarçəkmənin akademik, kayak və kanoe növlərində 200-dən çox yerli və xarici idmançı iştirak edir. Yarışda 30-a yaxın komanda qalib olmaq üçün yarışır.

Suqovuşanda bu il keçirilən yarış ümumilikdə 4-cü, “Prezident Kuboku” isə 3-cü dəfədir təşkil edilir. Ötən il ölkələrin sayı 17 idisə, cari il bu rəqəm 21-ə çatıb. Bu da onu deməyə əsas verir ki, yarışa maraq böyükdür.

Suqovuşan su anbarındakı ilk yarış günü kayak və kanoeçilər mübarizə aparıblar. Yeniyetmə və gənc avarçəkənlərin yarışında 200, 500 metr məsafəyə yürüşlərdə 5 dəst medal sahibinə qovuşub.

Qiyas Əhmədov- avarçəkən: “Bu yarış Suqovuşanda füsunkar təbiət qoynunda keçirilir. Təbiəti də çox gözəldir. Xarici qonaqlar gəlib, işğaldan azad olunan torpaqlarımıza baxıb sevinirlər və onların bura haqda gedib öz ölkələrində danışmaları da bizi çox sevindirir. Mən əvvəlki yarışlarda da iştirak etmişəm və mükafatçılar sırasına düşmüşəm. Bu yarışda da ölkəmizi layiqincə təmsil edəcəyik”.

Driqo Danil- Qırğızıstan komandasının üzvü: “Mükəmməl təşkil olunmuş yarışdır. Bizi çox yaxşı qarşıladılar. Suqovuşan çox əla məkandır. Böyük və gözəl dağları var. Su çox qəşəngdir. Burada yaxşı yarışlar təşkil etmək mümkündür. İlk dəfədir ki, Azərbaycanda oluram. Hər şeyi çox bəyəndim. Bu gün kayakla ilk mübarizəmi apardım”.

Ali Kamal Sarah- Türkiyə komandasının üzvü: “Buranın türk torpaqları olduğunu bilə-bilə burada rahat-rahat gəzdiyim üçün çox xoşbəxtəm. Biz buranı çox sevirik. İnşallah təkrar-təkrar gəlib burada yarışacağıq. Yarış məkanı 1 nömrədir. Mən gələcəkdə də burada yaxşı yarışların olacağına inanıram. Meşələrini çox bəyəndim. Dövlət burada çox yaxşı yaşıllaşdırma işləri görüb. Bunu yolda gələrkən gördük. Gələcəkdə buraların daha da yaxşı olacağını düşünürəm. Arzu edirəm turizm məkanları da açılar. Türkiyədən buraya gəlmək istəyənlər də var”.

İvan Çarlov- Bolqarıstan komandasının məşqçisi: “3-cü dəfədir ki, bu yarışda iştirak edirəm. Bu su hövzəsində isə ilk dəfədir. Buranın çox gözəl təbiəti var. Mükəmməl dağlarla əhatə olunub. Çox bəyəndik. İllər keçdikçə reqata daha da çətinləşir. Bu müxtəlif ölkələrdən gələn yeni idmançılar ilə əlaqəlidir. Ona görə də iştirakçılar arasında rəqabət güclüdür və bu, bizi sevindirir. Suqovuşanda bizim komandanın 2 üzvü kayak üzrə mübarizə aparır. Təşkilatçılıq çox yaxşı səviyyədədir. Bura dəvət aldığımız üçün çox xoşbəxtik”.

Ela Mehmetbaşoğlu- Türkiyə komandasının məşqçisi: “Bura 6 idmançı ilə gəldik. 5-i kayak, 1-i isə kanoe növündə yarışır. Məqsədimiz buradan birinci olaraq Türkiyəyə qayıtmaqdır. Bizi qonaq etdiniz, çox yaxşı qarşıladınız. Mən ilk dəfədir Azərbaycan gəlirəm. Azərbaycanın 4 il öncə yaşadığı hadisədən sonra burada yarış keçirməyimiz çox qürurvericidir”.

Prezident kuboku mayın 2 və 3-də Mingəçevirdə davam edəcək. "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarışların bağlanış mərasimi də məhz adıçəkilən şəhərdə reallaşacaq.

Orxan Cəfərzadə