• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1022
— 29.04.2024 20:04

Zonanın qalibləri müəyyənləşib

KepezTV Player

Bir neçə illik fasilədən sonra ötən ildən bərpa edilən boks üzrə kadetlər arasında zona birinciliyi cari il də təşkil edilib. Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan və Şəkidən sonra son olaraq regionun güclüləri Gəncə Olimpiya İdman Kompleksində müəyyənləşib.

Nizami yurdunda baş tutan birinciliyin açılış mərasimində yeni boks nəslinin formalaşması üçün belə yarışların davamlı keçirilməsinin şərt olduğuna diqqət çəkilib. Eyni zamanda qeyd olunub ki, bu cür yarışlar perspektivli idmançıların aşkarlanması baxımından böyük rol oynayır. Yarışa gəlincə rinqdə 11 şəhər və rayonu təmsil edən 12 komanda mübarizə aparıb. Gəncənin iki heyətlə çıxış etdiyi birincilikdə Ağstafa, Tovuz, Qazax, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Ağcəbədi, Gədəbəy və Göygöl komandasının üzvləri final mərhələsinə vəsiqə qazanmağa çalışıblar.

Əliniyaz Mirzəyev- Gənclər və İdman Nazirliyinin əməkdaşı: “İlk öncə əsas məqsədimiz respublikaya zonalardan layiqli idmançıların seçilməsidir və ən əsas kadetlər arasından yeniyetmələrdən ibarət yığma komandaya ayırd edilməsidir. Kadetlərin zona yarışlarının qalibləri bu gün yeniyetmələr də öz sözlərini deyirlər. Artıq ikinci ildir zona yarışı keçirilir və biz çalışacağıq ki, bu, davamlı olsun və ayrı-ayrı çəkilərdə yığma komandalarımıza ehtiyat qüvvələrin seçilməsinə nail olaq”.

2010-2011-ci il təvəllüdlü kadetlər arasında keçirilən zona yarışında 17 çəki dərəcəsində ölkə birinciliyinə yollanacaq boksçular bəlli olub. Ümumilikdə yarışda 81 dəri əlcək sahibi rinqdə yumruq oynadıb.

Qorxmaz Fərəci- yarış iştirakçısı: “Gəncəni təmsil edirəm. Zona yarışı çox yaxşıdır, ayrı rayonlardan uşaqlar gəlir, inkişaf edirik. Mən bu yarışda qalib olub, respublikada şəhərimizi yaxşı təmsil etmək istəyirəm”.

Hüseyn Əliyev- yarış iştirakçısı: “Bu yarış çox önəmlidir. Mən burada ölkə birinciliyinə getmək üçün yaxşı nəticə göstərməliyəm və orada da yaxşı çıxış edib Avropaya yollanmaq istəyirəm”.

Zona yarışında əvvəlkilərdən fərqli bu il bir çəkidə 3 boksçu respublika birinciliyinə vəsiqə qazanıb. Əgər ötən illərdə finalçılarla birlikdə yarımfinalçılar da final mərhələsinə yollanırdısa indi isə ilk iki pillədə qərarlaşan idmançılar və 3-cü yerin sahibi bu hüquqa yiyələnib. Ölkə birinciliyi gələn ayın sonu Bakıda keçiriləcək.

Orxan Cəfərzadə