• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 25.04.2024 19:54

Kişilər də qadınlar kimi aliment ala bilər

KepezTV Player

Çoxunun mübahisə mövzusu, yaxud yaralı yeri - aliment. İzdivac pozulanda bir şəxsin digər şəxsə qanunauyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir bu söz. Amma bəlkə çoxları bu ödənişi kişinin qadına verməli olduğu pul kimi qəbul etsə də, bu, heç də belə deyil.

Aliment deyərkən, hər nə qədər də kişinin boşandıqdan sonra keçmiş ailəsinə ödədiyi pul nəzərdə tutulsa da, kişilərə ödənən növü də var. Yəni, himayəsində yetkinlik yaşına çatmayan övladı olan kişilər də qadından aliment tələb edə bilərlər. 

Nail Qarayev- hüquqşünas: “Nadir hallarda olsa da keçmiş ər tərəfindən də alimentin ödənilməsi tələbi iddiası qaldırılır. Ailə məcəlləsinin 84, 85, 86- cı maddələrində bu, öz əksini tapıb. Əgər maddi vəziyyəti pis olan, öhdəsində 18 yaşınadək əlilliyi təsdiq edilmiş və ya 18 yaşından yuxarı əlilliyi təsdiq edilmiş, qulluğa ehtiyacı olan övladın saxlanılması ilə bağlı iddia qaldıra bilərlər”.

Aliment məbləği - 1 uşaq üçün gəlirin 1/4, 2 uşaq üçün 1/3, 3 uşaq üçün isə gəlirinin yarısı qədər vəsait ərə və ya arvada ödənməlidir. Amma bu qərardan əksər vətəndaşlar məlumatsızdır.

Şəhər sakini: “Belə götürəndə cəmiyyətimizdə iş gücünü əsasən kişilər idarə edir. Məncə kişinin aliment almasına bir o qədər ehtiyac olmaz. Uşaq atada qalırsa, əgər atanın iş qüvvəsi yoxdursa, işləmirsə, məncə o halda aliment vermək olar”.

Şəhər sakini: “Ayrılıq olsa, uşaq kişinin himayəsində qalsa, kişi aliment ala bilər, əgər qadın uşağından imtina edibsə”.

Şəhər sakini: “Şəxsən mən atanın aliment almasına narazıyam. Çünki o, atadır. O, öz övladının qayğısını çəkməli, boya-başa çatdırmalıdır”.

Amma aliment təkcə uşaqlar üçün nəzərdə tutulmur. Arvad ərdən, ər də arvaddan aliment tələb edə bilər. Tərəflərdən birinin, uşaq onda qalmasa belə iddia qaldırmaq hüququ var. Qərar isə məhkəmə tərəfindən verilir. 

Nail Qarayev- hüquqşünas: “Belə bir stereotip formalaşıb ki, yalnız qadınlar aliment tələbi irəli sürə bilər. Buna səbəb düşünürəm ki, müraciətlərin çoxluğu belə bir fikir yaradıb. Lakin qeyd etməkdə yarar var ki, nəinki qadın kişiyə qarşı, həm də kişi də qadına qarşı belə bir iddia qaldıra bilər. Hətta övladlar ata-anaya qarşı və ya valideynlər övlada aliment tələbi ilə iddia qaldıra bilər. Bunun da əsas səbəbi odur ki, həmin şəxs özünü maddi cəhətdən təmi nedə bilmirsə və ya fiziki imkanları buna imkan vermirsə, qarşı tərəfin də maddi vəziyyəti yaxşıdırsa, iddia qaldıra bilər”.

Gəncə şəhər məhkəməsindən verilən məlumata görə, az olsa da belə iddialara rast gəlinir. İl ərzində təxmini 10-a yaxın kişinin aliment tələbi ilə bağlı işə baxılır.

Aişə Rzayeva