• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 740
— 20.04.2024 18:02

"Xan arxı"nın sakinlərə yaşatdığı aqibət

KepezTV Player

Gəncədən keçən "Xan arxı" suvarma məqsədi daşıyır. Mənbəyini Gəncəçaydan götürən və uzunluğu 17.6 kilometr olan kanalla suvarılan bitkilərin, nə dərəcədə ekoloji təmiz olduğunu demək isə çətindir. Bunun səbəbi isə arx boyu yaşayan sakinlərdir. Elə səbəbini əhalidən öyrənirik. 

Şəhər sakini: “Arxa zibil tullayırlar, kanalizasiyanın suyu axır, evə həşəratlar girir, uşaqlar yata bilmir. Belə yaşamaq deyil, xəstəlikdir. Bu zibilliyin içində, çirkli suların içində necə yaşaya bilərsən?! Siçovullar var”.

Şəhər sakini: “Bu kanal “Xan arxı”dır. Buradan toyuq leşi, hind quşu leşi, heyvan leşi gəlir. Kanalizasiya qoşublar, qoxudan durmaq olmur. Yağış yağanda daşır, evlərə tökülür. İçində həşəratlar, siçovullar gəzir”.

Şəhər sakini: “Yay olanda üfunət iyisindən durmaq olmur, pəncərəni aça bilmirik, bir az yağış yağan kimi kanal daşır, uşaq qorxusundan kanalın ətrafında oynaya bilmir. Siçovullar gəzir, nə qədər dərman tökürük öhdəsindən gələ bilmirik. Zirzəmilərə kimi girir siçovullar. Keçən il də daşdı, aşağıdakı evlərin yarısı su oldu. Evlər dağılır, barılar uçur”.

Göründüyü kimi antisanitar şəraitin yaranması və ətraf mühitin çirklənməsi elə arxın ətrafında yaşayan sakinlərin "əməyinin" nəticəsidir. Sakinlərlə söhbət zamanı məlum oldu ki, axını sürətli olan su arxın üstü açıq olan hissələrində təhlükə də yaradır. 

Şəhər sakini: “Bu kanal bir az qorxuludur. Körpə uşaqlarımız var. Qoxusu çox narahat edir. Körpə uşaqlardan lap çox qorxuruq, qaçırlar. Üstünü örtsələr yəqin ki, düzələr. Gəlirlər, baxırlar, yarımçıq qoyub, gedirlər. Üstü bağlansaydı yaxşı olardı. Uşaqlara görə çox narahatıq”.

Şəhər sakini: “Bunun hamısı xəstəlikdir. Nə cür xəstəlik desən çıxacaq. Su daşır, körpə uşaqdır, yıxılsa, Allah uzaq etsin, kim cavab verəcək? Ona görə də biz də hökumətdən xahiş edirik ki, bizə kömək etsinlər”.

Şəhər sakini: “Uşaqlar eşiyə çıxmır, oynamaq yerləri yoxdur. Yolları həmişə su basır. Palçıqdan getmək mümkün olmur. Arada aşağıdakı evi də uçurub aparıb. Üstü örtülsün, bağlansın. Heç olmasa uşağı çölə buraxanda bilək ki, kanala düşüb ölməyəcək”.

Problemlə bağlı aidiyyəti qurumlarım koordinasiyalı fəaliyyətinin olmaması da sakinləri narazı edir. Göygöl Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, problemin yaşanmasına bir sıra səbəblər təsir edir.

Rəşid Vəliyev- Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi: “Yeni “Gəncə qəsəbəsi tərəfdə bir 1200-lük boru var. Binaların kanalizasiya borusudur, o dağılıb. Bu günkü gündə tökülür bizim “Xan arxı”mıza. Üfunət iyi ordan gəlir. Dəfələrlə o məsələ də qaldırılıb. İndi layihədə nəzərdə tutulub ki, o hissə bağlanacaq, qapalı borudan keçəcək. Bu il o, bizim idarə tərəfindən həll olunacaq. Bu arxın qapadılmasında hər il 1000 metr, 2000 metr beton örtüklə işlər gedir. Elə yerlər var ki, texnika girə bilmir, bəzi yerlər var ki, müdiriyyət tərəfindən bağlanılıb ki, uşaqlar arxa düşməsin. Tədricən bu məsələ də həll olunacaqdır. Mənə elə gəlir ki, qapalı boru ilə və ya tunel variantı ilə açıq yerlər ləğv olunacaq”.

Mühəndisin sözlərinə görə, təmir və profilaktik tədbirlərə  başlamaq üçün kanalda suyun axını dayandırılmalıdır. Bunun üçün 18 km-ə yaxın olan kanal üzərindəki əkin sahələrinin mövsümi suvarılması başa çatdırılmalıdır.

Pərvin Abbaszadə