• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 20.04.2024 17:58

Sülh yolunda vacib addım

Dövlətimizin son 4 ildə ərazi bütövlüyünün bərpası və suverenliyimizin təmini istiqamətində apardığı uğurlu siyasət daha bir nailiyyətlə tamamlanır. Ermənistanla ikitərəfli danışıqların nəticəsi olaraq Qazaxın 4 kəndi geri qaytarılır. Bu hadisə tarixi uğurlarımızın davamıdır desək, yanılmarıq. Diplomatiyamızın növbəti qələbəsi sülhə açılan qapının əhəmiyyətli hissəsidir.

Qazaxın Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin sakinləri doğma dədə-baba yurdlarının işğaldan azad olunması xəbərini bayram əhval-ruhiyyəsində qarşılayıblar. Kiçikdən-böyüyə hər kəs sevinclərini bölüşmək üçün küçələrə axışıb, musiqi sədaları altında rəqs ediblər. 

Elşad Mirbəşiroğlu- millət vəkili: “İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Qazaxın da əsarətdən qurtulan kəndlərinə soydaşlarımızın geridönüşü ən yüksək səviyyədə qaytarılacaqlar, orada məskunlaşdırılacaqlar. Həm infrastruktur quruculuğunun, effektiv məskunlaşdırılmanın həyata keçirilməsi istiqamətində dövlətimizin addımlar atacağı şübhəsizdir. Bu yöndə ayrıca olaraq ölkə prezidentinin strateji baxışları mövcuddur”.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının səkkizinci iclasının nəticəsi olaraq əldə olunan razılıq çox vacib rol oynayır. Çünki 4 kəndin geri qaytarılması yaxın gələcəkdə digər məsələlərin həllinə də zəmin yaradacaq. Ən əsas da sülhün reallaşmasına.

Tural İsmayılov- siyasi şərhçi: “Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə ilk dəfə Ermənistanla Azərbaycan arasında delimitasiya olunmuş dövlət sərhəddi olacaq və biz həmin bölgədəki sərhədləri şərti sərhədlər adlandırmayacağıq. Eyni zamanda bu 4 kəndin qaytarılması nəticəsində artıq Qazaxın Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvanın Kərki kəndinin də geri qaytarılması üçün mexanizm formalaşmış olur. Qazaxın kəndlərinin qaytarılması delimitasiya prosesinin daha çevik və sürətli həyata keçirilməsinə səbəb olacaq və hesab edirəm ki, ilkin mərhələdə heç olmasa 20-25 faiz delimitasiyada razılıq əldə edilsə, bu, iki ölkə arasındakı sülh müqaviləsi imkanlarının daha da tezləşdirilməsinə səbəb olacaq”.

Qeyri-anklavlar təhvil verildikdən sonra həmin ərazidə hansı qoşun növünün fəaliyyət göstərəcəyi sual doğururdu. Hərbi ekspert buna aydınlıq gətirməklə həm də qaytarılacaq ərazilərin mina ilə çirkləndirilmiş ola biləcəyini, bunun üçün də kompleks tədbirlərin görüləcəyini açıqlayıb.

Şair Ramaldanov- hərbi ekspert: “4 kənd də qaytarılandan sonra orada da Azərbaycan Dövlət Sərhəd xidmətinin hərbçiləri xidmət göstərəcəklər. Əlbəttə, orada mövqelər olub, o ərazilərdə ermənilərin mina sahələri olması istisna olunmur. Ancaq ki, sərhədi müəyyənləşdirəndə əlbəttə, bütün o ərazilər mina təhlükəsizliyi baxımından yoxlanılacaq. Ola bilsin ki, ermənilər orada mina xəritələrini təqdim edəcəklər. Hər halda bu məsələlər kompleks şəkildə həll olunacaq”.

Geri qaytarılan ərazilərdə sərhəd xəttinin təsviri koordinatları dəqiqləşdirilməklə tərəflər arasında 15 mayadək müvafiq protokol təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Bu bir daha onu göstərir ki, hər iki ölkə arasında 3-cü tərəf olmadan da mövcud problemlər həllini tapa bilər və bununla da sübut etdik ki, biz qarşı tərəflə müharibəyə hazırlaşmırıq. Qərbin bu mənada canfəşanlığı təmamilə yersiz və əsassızdır. Ağdam, Kəlbəcər və Laçın kimi Qazaxın kəndlərinin də qan tökülmədən işğaldan azad edilməsi şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin uğurlu diplomatiyası sayəsindədir.

Orxan Cəfərzadə