• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 19.04.2024 19:57

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

KepezTV Player

Azərbaycan tarixi zəfərinə daha birini əlavə etdi. Qazaxın 4 kəndi sahibinə qaytarılır. Bu məsələ 2020-ci ildən gündəmdə olsa da, Ermənistan hər dəfə prosesi müxtəlif bəhanələrlə yubatmağa çalışırdı. Amma Azərbaycan bu dəfə də istədiyinə nail oldu: Necə ki, Vətən müharibəsində Zəfər əldə etdik, 2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatı keçirərək Xankəndi və ətraf əraziləri işğaldan azad edib, ölkənin suverenliyini tam bərpa etdik, indi də 4 kəndi qaytarmaqla daha bir qələbəyə imza atdıq. 

Qazaxın 4 kəndi öz sahibinə qaytarılır. Özü də bir güllə atılmadan, qan töküləmədən. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası eləcə də, iki dövlət arasında  dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə bu barədə razılıq əldə olunub. Təfərrüatlara gəlincə, tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək. 

Əslində  qeyri-anklav kəndlərin qaytarılması məsələsi 2020-ci ildən qaldırılıb. Bu müddət ərzində mövzu daim gündəlikdə saxlanılıb və ardıcıl iş aparılıb. Əldə olunan razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Prosesin məhz bu istiqamətdən başlaması isə Azərbaycanın israrlı təkidinin nəticəsidir.

Əldə edilən bu razılıq həm də  Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin propaqandasını ifşa etdi. Beləliklə, Rəsmi  Bakı ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi. Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Bu isə bir daha onu göstərir ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.

Azad Mustafayev