• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 16.04.2024 20:12

İlham Əliyev: “Su ehtiyatlarından səmərəli istifadə başlıca vəzifəmizdir”

KepezTV Player

"Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su və suvarma layihələri olacaq. Prezident İlham Əliyev Hacıqabulda Şirvan suvarma kanalının təməlqoyma mərasimində deyib ki, azad olunan ərazilərin su resursları daxili mənbələr olduğu üçün xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı Xəzərin duzsuzlaşdırılması layihəsi haqqında da məlumat verib.

Su ehtiyatlarından səmərəli istifadə başlıca vəzifəmizdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrin reallaşması ilə suvarılan sahələrin miqyasının artacağını qeyd edib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Ona görə mən deyəndə ki, ən azı 500 min hektar torpağa su veriləcək, bunu nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. İndi texniki-iqtisadi əsaslandırmalar hazırlanır və hesab edirəm ki, gələn ildən biz bu layihələrin icrasına da başlaya bilərik”.

Prezident növbəti illərdə infrastruktur layihələri arasında hökumətin qarşısında duran əsas vəzifənin içməli su və suvarma layihələri olacağını vurğulayıb. Ölkə başçısı artıq genişmiqyaslı proqramın işlənib hazırlandığını da qeyd edib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq”.

İqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıqların olduğunu bildirən dövlət başçısı su çatışmazlığı məsələsinə diqqət çəkib. Bildirib ki, ölkəmiz ötən illərdə quraqlıqla üzləşib. Qar ehtiyatı azalıb, çaylarda suyun səviyyəsi enib, Xəzər dənizi dayazlaşıb. Bunun üçün də su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmalıdır.  

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bir layihəni də qeyd etməliyəm. İndi bu layihə üzərində iş aparılır. Bu da Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsidir. Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.

Dövlət başçısı Şirvan kanalının yenidən inşa edilməsinin əhəmiyyətinə toxunaraq bildirib ki, hazırda 120 km-lik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 km-dən çox olacaq. Bu da minlərlə insanın layihədən faydalanması deməkdir. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini və 10 rayonu əhatə edəcək.

salə Cənnətova