• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 10.04.2024 17:42

Hava şəraiti bal istehsalına təsir edib

KepezTV Player

Mart ayında havaların anomal keçməsi bəzi təsərrüfatlara ziyan vurduğu kimi arıçılığa da təsir göstərib. Fermerlər bu il balın az olacağını deyirlər. 

Aprel ayı adətən ölkəmizdə arıların yaya hazırlanma dövrü kimi səciyyələnir. Lakin, bu il yağıntılı hava şəraiti arıçıların işini bir qədər çətinə salıb. Belə ki son zamanlar yağan yağıntılar yeni-yeni çiçək açan ağacların tumurcuqlarına ziyan vurub ki, bu da bal arılarının necə deyərlər işləməsinə çətinliklər yaradır.

Əli Allahverdiyev- arıçı: “Arıya qismən ziyan oldu. Arı bir az geri düşdü. Çünki martın əvvəllərindən artıq zoğal, badam, ərik və ilkin alçalar çiçəkləməyə başlayır. Arı bundan həm çiçək tozu, nektar da götürə bilərdi, amma daha çox çiçək tozu lazımdır ki, arı güləmi hazırlasın ki, ana yumurtlasın. Bu baxımdan nisbətən gerilik ola bilər, amma ötən ilə nisbətən yaxşıdır”.

Füzuli Verdiyev- arıçı: “Noyabr ayının isti keçməsinə baxmayaraq, sonradan yanvar ayından başlayan soyuqlar arıların inkişafını ləngitdi, yaz da gecikdi. Qərb bölgəsində mart ayında, aprel ayında havaların qeyri-sabit keçməsi arının tez oyanmasına ziyan verir. Ancaq bu il arı da gec oyandı, təbiət də gec oyandı. Xəstəlik olan arıxanalar, payız qulluğunda düzgün müalicə olunmayan arıxanalarda oldu. Respublikada bu il arı ölümləri çox böyükdür. Hətta deyilənə görə 100 minə yaxın arı ailələrinin məhv olması qeydə alınıbdır”.

Qışdan sağ çıxan arı ailələrinin məhsulu bol olur. Amma vəziyyət belə davam edərsə, məhsuldarlığın azalacağı şübhəsizdir. Amma mütəxəssislər məhsul qıtlığının yaşanmaması üçün indidən arıçılarla bir araya gəlir, fikir mübadiləsi aparır, məsləhətləşir və problemin həlli yolunu axtarırlar.

Qurban Qurbanov- mütəxəssis: “Arıçı var ki, özü də təcrübəli arıçı arısının 50%-i tələf olub, eləsi var 30% i elə arıçı da var ki, arılarında ölüm yoxdur. Vaxtında tədbirləri görülsə indiki dövrdə bu anomal gedişatta belə, havaların pis keçməsi, bəzi anomal məqamlara baxmayaraq arıçılar arıları saxlaya bilərlər”.

Eyni zamanda arıçılar arılara şərbət verməməyi də məsləhət görür. Çünki şərbət verilən arılarda xəstəliklər başlayır. Builki mövsümün nəticələri arıçıları qane etməsə də, artıq yay mövsümünə hazırlıq başlayıb. Arı ailələrinin müalicəsi aparılır, gənə və bir sıra xəstəliklərə qarşı profilaktik tədbirlər görülür.

Pərvin Abbaszadə