• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 09.04.2024 19:35

Durğunluq da qızılın qiymətinə təsir etmir

KepezTV Player

Ramazan ayı başlayandan qızıl bazarında durğunluq hökm sürür. Alıcılar adda-budda gözə dəyir. Ancaq bu hal qızılın qiymətində özünü biruzə vermir. Bahalaşmaqda olan qiymətli metal alıcılar kimi satıcıların da işini çətinə salır. 

Ramazan ayı girəndən, ələlxüsus da son 10 gündür satıcıların qızılı qalıb əlində. Alverin bu ilki kimi zəif olduğunu xatırlamayan zərgərlər elə qiymətlərin də “at belinə” qalxmasından giley-güzar edirlər. Bu isə alıcısı olmayan qızılın satışını mümkünsüzləşdirir. Qızıl hardasa hər qramında 20 manat bahalaşıb. 

Vüsalə Əhmədova- satıcı: “Rus qızılı elə də satılmır, bu dəqiqə işləyən türk qızılıdır. Türkün də qızılını 95-98 manata satırıq. Özümüz də qızılın qramını 93 manata alırıq. Heç iş, alver də yoxdur, iş zəifdir. Bəlkə toylar başlaya, iş olar”.

Gülnarə Tağıyeva- satıcı: “Evdən gələn malların qiyməti başqadır, istifadə olunan malların qiyməti başqadır. Biri var Türkiyədən, Rusiyadan gələ, biri də var Azərbaycanın öz malları ola. Bakıdan gələn mal ucuzdur. Türkiyədən gələn mal, yol haqqı da üstünə gəldiyi üçün bu, baha gəlir. Alıcılıq qabiliyyəti də çox zəifdir”.

Tural Hüseynov- satıcı: “Həm oruculuqla əlaqədar olaraq toylar bir az zəifləyir. Həm də qiymət məsələsi təsir edir”.

Alıcılar barmaqla sayılası qədərdir. Onlar da qızıl dalınca gəlib, əliboş qayıdırlar. Çünki qiymət ciblərinə görə deyil.

Nüşabə Əliyeva- sakin: “Çox bahalanıb. Əvvəl qramını 82 manata alırdıq, indi 100 manatdır. Hamı istəyər ki, alsın. Mən də istəyərəm alım, amma bu bahalıqla ödəmir”.

Fidan Məsimova- sakin: “Qızıl bazarında qiymətlər qalxıb. İstəyərdik ki, qiymətlər aşağı düşsün və biz də ala bilək. Gələcəyimiz üçün yatırım edə bilək”.

Sevinc Əliyeva- sakin: “Qızıl mağazalarında qiymətlər çox bahadır. Biz də şübhəsiz ki, istəyərdik hamı üçün xeyirli olsun”.

Qızılın qiymətində müşahidə olunan bahalaşmanın Ramazan ayının gəlişi ilə səngiyəcəyi düşünülsə də, bu, baş vermədi. Çünki qiymətə təsir edən amillər xarici bazarla bağlıdır. 

Məsim Abadov- iqtisadçı-ekspert: “Enmə ehtimalı yoxdur. Bu qızılın qiyməti də belədir. Dünya bazarında bu alqı-satqı da birdən qalxır pik hədd çatır, orda dayanır və oradan aşağı düşür. Düşür, əvvəl olduğu səviyyəyə yox, oradan bir az yuxarıda dayanır. 2100 manatdan 2150 manat olursa, o artıq 2100 yox, 2120-2130 manat olur. Birdən-birə də sıçrayış edir və 2160 manat olur”.

Qızılın qiymətinin aşağı düşməsi üçün dünya bazarında sabitlik olmalıdır ki, bu da real görünmür. Burada həm iqtisadi, həm də siyasi proseslərin təsiri özünü göstərir. Odur ki, durğunluq qızılın qiymətinə təsir etmədiyindən qiymətlərdə normallaşmadan danışmaq tezdir.  

Elnur Vahidoğlu